Mətbuat xidməti Xəbərlər

Mütəxəssislər Kəngərlidə arıçılarla görüşüblər

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon Çalxanqala kəndində Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Baş Sığorta Agentliyinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları arıçılıq təsərrüfatlarının sahibkarlarının iştirakı ilə “Arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin payızda qışlamaya hazırlanması” mövzusunda müşavirə keçiriblər.

Müşavirədə mütəxəssislər arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkil olunmasından danışıblar. Bildirilib ki, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kq bal saxlanmalıdır.

Qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Tövsiyə olunub ki, qışlama binasının qızdırılması da  tənzimlənməli, çox isti olmamalıdır.

Qışlamadan əvvəl xəstəlik və parazitlərə qarşı mübarizə aparılmalı, bu dövürdə varroatoz xəstəliyinə qarşı profilaktiki tədbirlərin aparılması məqsədə uyğundur.

“Hazırda Naxçıvan Muxtar Respublikasında arı ailələrinin sayı 74 mini ötüb. Bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 11 nəfər arıçı ailəsinə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilib”, -bu fikirlər isə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda Çalxanqalada keçirilən digər seminar-müşavirədə səslənib. Seminarda “Ailə təsərrüfatı ili”ndə sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, onlara yaradılan şərait, arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi vurğulanıb.

 

“Arıçılıq məhsulları – bal” festivalında 550 min manatdan artıq məhsul satılıb

 

Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Arıçılıq məhsulları – bal” festivalı keçirilmişdir. Muxtar respublikanın bölgələrindən 323 arıçının iştirak etdiyi festivala 13 min 774 kiloqram süzmə bal, 2873 kiloqram şan bal, 442 kiloqram mum, 183 kiloqram vərəmum, 48 kiloqram çiçək tozu, 45 kiloqram güləm, 1090 qram arı südü, 189 litr bal arağı, 55 litr bal şərbəti və digər məhsullar çıxarılmışdır. Festivalda muxtar respublika arıçıları tərəfindən ümumi dəyəri 550 min manatdan artıq olan 18 min 314 kiloqram bal və digər arıçılıq məhsulları satılmışdır. O cümlədən “Naxçıvan məhsulları” tərəfindən 297 arıçıdan 1480 kiloqram bal alınmışdır. Sonda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə keçirilmiş, 4 arıçı birinci, 3 arıçı ikinci, 2 arıçı isə üçüncü yerlərin qalibi olmuşdur. Festivalda 81 sənətkarın, eləcə də məhkumların dulusçuluq, ağacişləmə, tikmə, toxuma, tətbiqi sənət sahələrində hazırladıqları 600-dən çox müxtəlif əl işlərinin sərgi-satışı da keçirilmişdir. İki gün davam edən festivalda 10 min 466 nəfər iştirak etmişdir ki, onlardan da 200-ü turist olmuşdur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti


 
 

Torpağa düşməsin havayı bir dən.. Payızlıq taxıl əkinlərinə hazırlığın optimal vaxtıdır

Bu gün ölkəmizdə və muxtar respublikamızda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər öz həllini uğurla tapmışdır. Son illər qədim diyarda aqrar sahənin, xüsusən taxılçılığın inkişafı üçün görülən kompleks tədbirlər məhsul istehsalını bir neçə dəfə artırıb.Bunun nəticəsidir ki,hər il müasir suvarma və əkin metodlarından istifadə etməklə yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, məhsuldarlıq artırılır. Naxçıvanda aqrar sahənin dinamik inkişaf etdiyi bölgələrdən biri də Babək rayonudur. Təkcə ötən il rayonda 10 min 610 hektar sahədə payızlıq taxıl əkini aparılmış və sahələrdən 33 min 707 ton məhsul tədarük olunub ki, bu da muxtar respublika üzrə ən yüksək göstəricidir.Artıq payızlıq taxıl əkinlərinə hazırlıq işləri görülür. Taxılçılıqla məşğul olan fermerlər yadda saxlamalıdırlar ki,yüksək məhsuldarlığa nail olmaq üçün bu dövrdə bütün aqrotexniki tədbirlər optimal müddətdə yerinə yetirilməlidir.

İlk növbədə taxıl əkiləcək sahədə növbəli əkin sisteminə ciddi əməl olunmalıdır. Bunun üçün əkiləcək sahə seçilərkən sələflər nəzərə alınmaqla torpağın strukturu öyrənilməli, onun qida maddələri ilə təmin olunma dərəcəsi müəyyən edilməli və sonra isə şum qaldırılmalıdır. Aparılan tədqiqatların nəticələri göstərir ki, taxılın kartof, tərəvəz, bostan, birillik və çoxillik otlar və başqa  bitkilərin yerinə əkilməsi daha sərfəlidir. Taxılın bir neçə il dalbadal eyni yerdə əkilməsi  məsləhət deyil. Çünki bu zaman sahənin alaqlarla zibillənməsinə şərait yaranır və torpağın münbitliyi zəifləyərək yox həddinə çatır. Eyni zamanda nəzərə alınmalıdır ki, eyni  prototipdən olan xəstəlik və zərərvericilərlə yoluxma  riskləri zərurəti yaranır.

Qeyd edək ki, taxıl əkiləcək sahələr bu sahədə xüsusi səriştəsi olan taxılçıların və yaxud mütəxəssislərin tövsiyə və məsləhətləri ilə seçildikdə daha yaxşı nəticələr əldə olunur. Belə ki, bir hektar torpaq sahəsinə 300 kiloqram  fosfor və 100-130 kiloqram  kalium gübrələri verilərək 28-30 santimetr dərinliyində şum qaldırılmalıdır. Əgər peyin və həmçinin tərkibi qida elementləri ilə zəngin olan  məmulatlardan istifadə olunursa, onda mineral gübrələrin norma və nisbətləri daxilində miqdarını azaltmaq olar. Bitkilərin güclü böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin etmək və eləcə də əlverişsiz şəraitdə müqavimətini artırmaq üçün torpağa fosfor gübrəsinin verilməsinin böyük əhəmiyyəti vardır. El arasında deyildiyi kimi, bar gübrəsi bar gətirər.

Taxılın inkişafa başladığı ilkin mərhələdə fosfora tələbatı daha çox olur. Həmin vaxt verilmiş fosfor gübrəsi bitkilərin boy artımına səbəb olur və xüsusilə  kök sisteminin böyüməsinə müsbət təsir edir. Təcrübələrin və peşəkar insanların əldə etdikləri qənaətin nəticələri göstərir ki,  fosfor və kalium gübrələrinin illik normasının şum altına verilməsi məsləhətdir. Eyni zamanda  münbitliyi az olan torpaqlarda bitkilərin  azotla  normal  təmin edilməsi məqsədilə  toxum torpağa səpilən zaman  azot gübrəsinin  normasının 20 faizi toxumla  birlikdə sahəyə verilməlidir. Bundan başqa, əkin aparılmamışdan 2-3 ay öncə şum qaldırılması məhsuldarlığa da müsbət təsir göstərir.

Səpin optimal müddətdə aparılmalıdır. Təcrübələr göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır. Bitkilərin xəstəlik və zərərvericilərlə sirayətlənməsi, eləcə də dənin yetişməsi səpin müddətindən də  asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığına təsir göstərir. Ona görə də səpin optimal  müddət ərzində başa çatdırılmalıdır. Vaxtında səpilmiş toxumlardan əmələ gələn bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir və kollanır. Belə olan halda bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilirlər. Bəlkə də bu hikmətin  təzahürünü ata-babalarımız əsas götürərək deyiblər ki, Naxçıvanda taxıl iki yay görməlidir.Gecikdirilmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif  halda  qışlamaya daxil olur. Payızda kollanması zəif olan bitkilər qışa az davamlı olurlar, onların çoxunu şaxta tələf edir və nəticədə əkinlərdə seyrəklik baş alıb gedir.

Muxtar respublika şəraitində əkinin aran zonalar üçün oktyabrın 1-dən 30-dək, dağətəyi zonalar üçün sentyabrın 20-dən oktyabrın 25-dək aparılması məsləhətdir. Havalar səpin üçün əlverişli keçdikdə məhsulları gec toplanan bitkilərin yerində noyabr ayında da səpin aparmaq mümkündür. Səpin gecikdirildikdə isə səpin norması 10- 15 faiz artırılmalıdır. Səpin aşağı norma ilə aparılarsa, bitkilər seyrək olur, alaqların inkişafına əlverişli şərait yaranır.Ona görə də, belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir- birini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və cılız dənli kiçik sünbüllər əmələ gətirir. Səpin norması 1 hektara orta hesabla 200-250 kiloqram buğda, 180-200 kiloqram arpa toxumu səpilməsi  məsləhətdir.

Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur.Bu gün muxtar respublikada mülkiyyətçiləri toxumla təmin etmək üçün 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri keyfiyyətli toxum materialı əldə etmək üçün həmin təşkilatlara müraciət edə bilərlər. Bundan əlavə, sahibkarların, torpaq mülkiyyətçilərinin özlərində olan toxumluq taxılın təmizlənməsində “Araz” Elm-İstehsalat Birliyinin toxumçuluq təsərrüfatında, “Bərəkət” toxumçuluq təsərrüfatında, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yerli təşkilatlarında və “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Taxıl Terminalında yaradılmış şəraitdən istifadə etmək olar.   Səpin zamanı isə “Bərəkətli-95”, “Əzəmətli-95”, “Qobustan”, “Ruzi-84” və muxtar respublikanın torpaq iqlim şəraitinə uyğun gələn “Qılçıqsız-1” sortlarından istifadə edilməsi məqsədəuyğundur.

Səpin zamanı toxumlar torpağa elə dərinlikdə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər.Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxum 5-6 santimetr dərinlikdə  basdırılmalıdır. Əks halda toxum dayaz basdırılarsa, taxılın  kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir. Bu,  gələcəkdə böyük məhsul itkisinə səbəb olur. Ona görə də taxılın səpini zamanı “Naxçıvan Aqrolizinq” ASC-də olan müasir texnologiya ilə hazırlanmış Türkiyə istehsalı olan BM-24 və BM-28 markalı taxılsəpən aqreqatlarından istifadə etmək olar.

Səpin qurtaran kimi həmin sahəyə şırım açılaraq suvarma aparılmalıdır. Taxıl bitkilərinin suvarılmasında əsas üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə olunur, mora üsuluna nisbətən torpaq su ilə təmin olunduğundan quraqlığa qarşı davamlı olur.

Müqəddəs nemət olan taxıl ata-babalarımız tərəfindən əvəzsiz nemət hesab olunmuşdur. Hətta el arasında belə bir deyim də var ki, Quranı yerə qoyub çörəyi götürmüşlər. Elimizdə-obamızda, yurdumuzda-yuvamızda bir adət var ki, süfrə ətrafında çörək yeyilib qurtardıqdan sonra böyükdən-kiçiyə qədər deyərlər ki, çox şükür İlahi, verdiyin ruziyə. Bütün bunlar bizə əsas verir ki, taxıl strateji əhəmiyyəti olan bir nemətdir və əkində də, biçində də torpağa havayı bir dən düşməsin deyə, bütün aqrotexniki tədbirlərə əməl etməliyik.

 
 

KƏND TƏSƏRRÜFATININ İNTENSİV İNKİŞAFI NÖVBƏLİ ƏKİNLƏ ÜZVİ SURƏTDƏ BAĞLIDIR

Torpaqların strukturunun qorunması, münbitliyinin artırılması, eyni zamanda becərilən kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürmək üçün yerinə yetirilməsi vacib olan aqrotexniki tədbirlərdən biri də növbəli əkinlərin tətbiq edilməsidir.

Qeyd edək ki, eyni bitkinin bir neçə il dalbadal eyni sahədə əkilməsi alaq otlarının kütləvi artımına, xəstəlik və zərərvericilərin çoxalmasına, torpaqda birtərəfli qidalanmanın getməsinə, bununla da qida maddələrinin çatışmaması üzündən torpağın qüvvədən düşməsinə gətirib çıxarır ki, bu da məhsuldarlığın azalmasına səbəb olur. Göstərilən zərərli vasitələrin aradan qaldırılması üçün isə əlavə becərmələrin, xəstəlik və zərərvericilərə qarşı təkrar mübarizə tədbirlərinin aparılması tələb olunur.

Bir faktı da qeyd etmək lazımdır ki, gübrələrin normalara uyğun verilməsinə baxmayaraq, növbəli əkin sistemi tətbiq edilməyən taxıl əkini sahəsinin hər hektarından 20 sentner, növbəli əkin aparılmış sahənin hər hektarından isə 30 sentner məhsul götürülür. Eyni müqayisəli məhsuldarlıq göstəriciləri kartof əkini sahələrində də özünü göstərir. Belə ki, növbəli əkin aparılmayan kartof sahələrinin hər hektarından 145 sentner, növbəli əkin aparılan sahələrin hər hektarından 198 sentner məhsul istehsal edilir. Göründüyü kimi, növbəli əkin keçirilməyən sahələrə nisbətən, növbəli əkin keçirilən sahənin hər hektarında dən məhsulunun artım miqdarı 50 faizdən çox, kartof məhsulunun artım miqdarı isə 30 faizə qədər olur.

Yüksək məhsul verən bitkilər bol məhsul üçün torpaqdan müəyyən qədər qida maddələri mənimsəyirlər. Torpaq isə öz-özlüyündə qısa zaman kəsiyində bitki tərəfindən mənimsənilən qida maddələrini tezliklə bərpa edə bilmir. Ona görə də həmin sahələrə aqrotexniki normalarda nəzərdə tutulduğundan artıq miqdarda əlavə üzvi və mineral gübrələrin verilməsi tələb olunur.  Gübrələrin alınmasına və torpağa verilməsinə də əlavə vəsait lazımdır. Lakin növbəli əkinlərin tətbiqi zamanı bu məsariflərin miqdarı müəyyən qədər azalır. Ona görə ki, növbəli əkin zamanı əkilmiş sələf bitkilərinin özləri torpaqda olan qida maddələrini mənimsəməklə bərabər, torpağın özünü də qida maddələri ilə zənginləşdirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir hektar yonca əkini sahəsi bir il ərzində torpaqda 300 kiloqrama qədər azot toplayır.

Göründüyü kimi, növbəli əkin zamanı həmin sahəyə əkiləcək bitkinin növündən asılı olaraq, sahəyə əlavə azot gübrəsinin verilməsinə ehtiyac qalmır. Bu isə nəticədə vahid sahəyə sərf ediləcək məsariflərin azalmasına gətirib çıxarır.

Çoxillik təcrübələrə və elmi araşdırmalara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, növbəli əkin sistemindən istifadə etmədən yüksək və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Ona görə də hər bir torpaq mülkiyyətçisi tövsiyə edilən əkin sistemindən düzgün və səmərəli istifadə edərsə, onda torpaq mülkiyyətçiləri və fermerlər əkib-becərdikləri sahələrdə yüksək məhsuldarlığa nail ola bilərlər.

 
 

TAXILLARIN ŞIRIM ÜSULU İLƏ SUVARILMASI ƏN MÜTƏRƏQQİ ÜSULDUR

Payızlıq taxılın əkilməsində bütün aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması vacibdir. Növbəli əkinlərin tətbiqi, sahənin düzgün seçilməsi, keyfiyyətli toxumun tədarükü, dərmanlanması, səpin norması və səpin müddətlərinin düzgün təyin olunması, eləcə də digər vacib aqrotexniki tədbirlər sahələrdən yüksək məhsul götürməyə təsir edən amillərdir.

Yuxarıda sadalanan aqrotexniki tədbirlərin hamısını yerinə yetirdikdən sonra suvarma əməliyyatı başlayır. Buğda və arpa əkildikdən sonra səpilən toxumların cücərməsi üçün sahə suvarılmalıdır. Hər bir bitki toxumunda olduğu kimi taxıl toxumları da cücərmək üçün öz çəkilərinin 50-55 faizi qədər su tələb edir. Əgər taxıl toxumları lazım olan qədər nəmliklə təmin olunsalar, cücərtilərin kütləvi cücərməsi də yüksək səviyyədə olar. Əkin sahələrinin suvarılmasının müxtəlif üsullları vardır. Bunlardan ən çox tətbiq olunanı şırım üsulu ilə suvarmadır. Bu mütərəqqi üsulun digərlərindən bir çox üstünlükləri vardır. Sırım üsulu ilə suvarmaya üstünlük verilməsi həm su itkisinin qarşısını alır, həm də məhsuldarlığın yüksəlməsinə səbəb olur. Şırımlarla suvarma zamanı digər üsullardan fərqli olaraq su torpağın səthinə düzgün paylanır. Bu üsulla suvarmada su yalnız sahədə çəkilmiş ayrı-ayrı şırımlarla verilir. Şırım üsulu ilə suvarmada torpaq rütubətlə tam doyduğundan, bitkilər quraqlığa qarşı mora üsuluna nisbətən daha çox davamlı olur, sahədə qaysaq yaranmır, əl əməyindən az istifadə edilir, su itkisi olmur.

Şırımların dərinliyi 12-18 santimetr arasında olur. Sahələrin mailliyi az olarsa, şırımlar maillik istiqamətində çəkilməlidir. Əgər maillik çoxdursa bu zaman şırımlar mailliyin köndələn istiqamətində çəkilməlidir. Şırımlarla suvarmanın mora üsulu ilə suvarmaya nisbətən üstünlüyü qeyd etdiyimiz kimi suya qənaət edilməsidir. Eyni zamanda şırım üsulu ilə payızlıq taxıl əkinlərinin aparılması əkin altında olan torpaqların su-fiziki xassələrinin yaxşılaşmasına, suvarılan sahənin tam rütubət tutumu ilə təmin olunmasına səbəb olur.

Belə ki, mora üsulu ilə suvarma zamanı 1 hektar sahənin suvarılmasına 1000-1200 kubmetr su sərf olunursa, şırımlarla suvarmada su sərfiyyatı 800-900 kubmetr olur. Bu üsulun tətbiq edildiyi sahələrdə torpağın aktiv qatının nisbətən müntəzəm islanması baş verir. Düzgün istiqamətdə şırımlarla suyun hərəkəti 0,1-0,2 metrsaniyə olur. Bu zaman torpağın nəmlənməsi tədricən getdiyi üçün toxumlar tam islanaraq eyni vaxtda cücərməyə başlayır. Vegetasiya müddətində bitkilər şırımlarda toplanmış rütubət və nəmlikdən istifadə edir, eyni zamanda torpaqda olan ehtiyat qida maddələrini rahatlıqla mənimsəyə bilirlər. Torpağın şırımlarla suvarılması zamanı torpaq strukturunun pozulmaması bitkilərin qida maddələri ilə təmin olunmağında böyük rol oynayır. Taxıl bitkiləri torağın üst münbit qatında bitdiyi üçün, bu qatda olan humus və digər qida maddələrindən istifadə edərək inkişaf edir. Mora üsulu ilə suvarılarkən suyun topaq səthi ilə hərəkət sürəti tam nizamlana bilmədiyi üçün torpağın üst münbit qatı güclü su axını ilə yuyularaq əkin sahəsindən kənara çıxarılır və eyni zamanda kiçik yarğanlar əmələ gəlir ki, bu zaman torpağın strukturu pozulur. Yuyulmuş münbit qatın və pozulmuş torpaq strukturunun bərpası üçün uzun müddət vaxt, əlavə resurslar tələb olunur. Bu isə torpaq mülkiyyətçisi üçün əlavə xərcə, istehsal olunmuş məhsulun maya dəyərinin artmasına səbəb olur. Taxıl sahələrinin şırım üsulu ilə suvarılmasının digər bir üstünlüyü ondadır ki, sahədə görüləcək başqa aqrotexniki tədbirlərin mexanikləşdirilməsi üçün əlverişli şərait yaradılır. Mora üsulu ilə suvarma zamanı sahədə açılmış su arxları suyun axma sürətindən asılı olaraq dərin yarğanlar əmələ gətirir. Bu isə sahədə texnikaların hərəkətinə mane olur, onların sınmasına və digər nasazlıqlara səbəb olur. Xüsusilə taxılların biçini zamanı nahamar səthdə hərəkət edən kombayn taxılları yerə tökür ki, bu da məhsuldarlığa təsir edir.

Şırımlarla suvarılan sahələrdə torpaqdan su buxarlanması daha az olur. Bu onunla izah olunur ki, düz sahəyə nisbətən şırımların tirələrinə düşən günəş şüaları daha çox qırılır və buxarlanma əmsalı azalaraq rütubətlilik uzun müddət saxlanılır. Şırımlanmış əkin sahələrində torpaqda yuyulma olmadığından daha yaxşı cücərti alınır. Toxumlar üçün optimal qida sahəsi yarandığı üçün taxıl yaxşı inkişaf edir, bitkinin yatma ehtimalı azalır. Onu da qeyd etmək lazımdır ki, sahədə normaya uyğun bitki sıxlığı olduğu üçün alaqlarla sirayətlənmə dərəcəsı minimuma enir. Şırımlar arası məsafə torpağın mexaniki tərkibindən asılı olaraq təyin edilir. Qumlu və qumsal torpaqlarda 60-70 santimetr, gillicəli torpaqlarda isə 50-60 santimetr olmalıdır. Şırımların uzunluğu sahələrin relyefindən asılı olaraq 150-300 metr arasında olmalıdır. Torpağın şırım boyu rütubətlənməsi zamanı şırımın sonundakı torpaq rütubətliliyi onun başlanğıç rütubətliliyinin 75-80 faizi qədər olur.

Onu da qeyd etmək lazımdır ki, dəmyə taxıl əkinlərinə şırımların çəkilməsi də effektli sayılır. Mailliyin köndələn istiqamətinə çəkilmiş şırımlar vegetasiya dövründə yağan yağıntıların axıb getməsinin qarşısını alır və bitkilər yaranan nəmlikdən uzun müddət faydalana bilirlər. Bundan başqa, düzənlik sahələrə nisbətən şırımlanmış sahələrdə yağan qarın külək vasitəsi ilə sovrulması baş vermir. Bu da dəmyə əkinləri üçün əlverişli nəm ehtiyatı deməkdir. Torpaq mülkiyyətçiləri və fermerlər bilməlidirlər ki, şırımlarla suvarmada əsas məsələlərdən biri də suvarmanın təşkilidir. Həddən artıq şırımlarla suyun axıdılması həm su itkisinə, həm də torpağın şoranlaşmasına, yuyulma nəticəsində su erroziyasına səbəb olur. Ona görə də suvarmada aqrotexniki qaydalara düzgün əməl olunarsa, sahələrdən bol və keyfiyyətli məhsul əldə edə bilərik. Eyni zamanda qiymətli sərvət olan suya qənaət etmiş olarıq.

 
 

Səhifə 10 > 31-dən

Joomla 1.5