Mətbuat xidməti Xəbərlər

TAXIL ƏKİNİN OPTİMAL MÜDDƏTDƏ APARILMASI MƏHSULDARLIĞA TƏSİR EDƏN ƏSAS AMİLLƏRDƏNDİR

Hazırda payızlıq taxıl əkinlərinin qızgın vaxtıdır. Taxılçılıqla məşğul olan fermerlər yadda saxlamalıdırlar ki, taxıldan yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Taxıl əkiləcək sahədə növbəli əkin sistemi tətbiq olunmalı, dərin şum aparılmalı, keyfiyyətli toxum tədarükü, toxumun dərmanlanması və şırım üsuluna üstünlük verilməli, səpin optimal müddətdə başa çatdırılmalıdır. Təcrübə göstərir ki, şırım üsulunun çox böyük əhəmiyyəti vardır. İlk növbədə cücərtilərin alınması üçün torpaqlar tam nəmlənir, gölməçələr yaranmır, su itkisinə yol verilmir, buda suya qənaət olunmasına gətirib çıxarır. Bundan başqa sahələrdə texnikaların rahat işləməsinə şərait yaradır.

Hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində taxıl sahələrində pas xəstəlikləri müşahidə olunubsa həmin sahələrdə təkrar taxıl əkini keçirilməməlidir. Taxılın əsasən kartof, tərəvəz, bostan və s. bitkilərdən sonra əkilməsi daha məqsədə uyğundur. İki-üç ildən artıq eyni sahədə taxıl əkilməsi məsləhət görülmür. Çünki bu, bir tərəfdən sahənin alaqlarla zibilləməsinə şərait yaradır, digər tərəfdən isə bir tərəfli qidalanma getdiyindən torpağın münbitliyinin aşağı düşməsinə səbəb olur. Taxıl əkiləcək sahə sələf bitkilərdən boşalan kimi hər hektar sahəyə 20-30 ton üzvi gübrə və 250-300 kiloqram fosfor və 100-150 kiloqram kalium gübrələri verilərək 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Bitkilərin yaxşı böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin etmək və eləcə də əlverişsiz şəraitə müqavimətini artırmaq üçün torpağa fosfor gübrəsinin verilməsini böyük əhəmiyyəti vardır. Əldə olunmuş təcrübə onu göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şum altına verilməsi məsləhətdir. Bundan başqa az münbitli torpaqlarda bitkiləri azotla normal təmin etmək məqsədilə səpin zamanı toxumla birlikdə sahəyə azot gübrəsi də verilməsi məqsədə uyğundur. Taxıl əkiləcək sahənin şumunu keyfiyyətli və səpindən 1-2 ay tez aparılması məhsuldarlığı 2-3 sentnerə qədər artırılmasına təsir göstərə bilir. Səpin optimal müddətdə aparılmalıdır. Təcrübələr göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır ki, bu da bitkilərin əlverişsiz qışlama şəraitinə davamlılığını təmin edir. Payızda bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığına təsir göstərir. Ona görə də səpin optimal vaxtda başa çatdırılmalıdır. Optimal müddətdə səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir və kollanırlar. Belə bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilir.

Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök almış bitkilər isə qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə əkinlərdə seyrəklik əmələ gəlir. Muxtar respublika şəraitində səpin aran zonalar üçün oktyabrın 1-dən 30-dək, dağətəyi zonalar üçün sentyabrın 20-dən oktyabrın 25-dək səpilib qurtarması məsləhətdir. Havalar səpin üçün əlverişli keçdikdə məhsulları gec toplanan bitkilərin yerində noyabr ayında da səpin aparmaq məsləhət görülür. Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur. Səpin üçün yüksək keyfiyyətli toxum materialının hazırlanması mühüm şərtdir. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu bitkilərin toxumlarının sağlam və yüksək kondisiyalı olması təmin olunmalıdır. Toxum materialı bir çox xəstəliklərin törədiciləri ilə yoluxa bilər. Bu xəstəliklərin təsiri nəticəsində səpin normasına düzgün əməl edilsə də, sahədə istənilən sayda və sağlam cücərti alınması mümkün olmur. Toxumla yayılan, taxıl üçün qorxulu sayılan bir çox xəstəliklərin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün səpiləcək toxum materialının dərmanlanması ən vacib tədbirlərdən biridir. Bu xəstəliklərə qarşı mübarizə məqsədilə toxum yüksək təsirə malik olan Tebuzol (bir tona 1.5kq), Rubin (bir tona 1.5kq), Saneb (bir tona 1.6 kq) preparatlarının biri ilə səpin qabağı dərmanlanmalıdır.

Taxılın səpin norması sələflərndən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən və mütləq çəkisindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırılmalıdır. Səpin aşağı norma ilə aparılarsa bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır. Ona görə də belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birlərini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və cılız dənli kiçik sünbüllər əmələ gətirir. Səpin norması bir hektara orta hesabla 230-250 kiloqram buğda, 180-200 kiloqram arpa toxumu səpilməsi məsləhətdir. Səpin zamanı respublikanın torpaq iqlim şəraitinə uyğun gələn ”Qobustan” , Bezostaya- 1”, “Fatimə”, “Qualitiy” və “Renan”sortlarından, arpa soptlarından isə “Naxçıvan dəni” və “Cəlilabad-19” sortlarının əkilməsi məsləhət görülür.

Səpin zamanı toxumlar torpağa elə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumun 5-6 santimetr dərinlikdə basdırılması məsləhətdir. Nəzərə almaq lazımdır ki, toxum torpaqda dayaz basdırılarsa taxılın kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir. Bu ən böyük yatmadır və gələcəkdə böyük məhsul itkisinə səbəb olur. Səpin qurtaran kimi həmin sahəyə mora və ya şırım açılaraq suvarmaq lazımdır. Taxıl bitkilərinin suvarılmasında əsas üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə olunur, mora üsuluna nisbətən şırım üsulunda torpaq tam doyduğundan quraqlığa qarşı davamlı olur. Göstərilən aqrotexniki tədbirlərə əməl olunarsa yüksək məhsuldarlığın əsası qoyular və gələcəkdə bol və keyfiyyətli məhsul əldə etmək mümkündür.

 

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür Naxçıvanda aqrar sahə uğurla inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabrtarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır. Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür, dövlət proqramları qəbul olunur. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olmuşdur. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrıayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaratmış, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirmişdir. Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılmışdır. Cari ilin ötən 9 ayında muxtar respublikada 109 min 760 ton dənli və dənli-paxlalı, 4207 ton dən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 74 min 934 ton tərəvəz, 49 min 139 ton kartof, 36 min 790 ton bostan məhsulları, 40 min 202 ton meyvə, 9869 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir. Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Belə ki, son illər muxtar respublikada 4 min 135 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Hazırda Şahbuz rayonunun Türkeş kəndində bu işlər davam etdirilir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açmışdır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada iribuynuzlu malqaranın baş sayı 119 min 814-ə, xırdabuynuzlu heyvanların sayı isə 741 min 539 başa çatdırılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara üzrə 1845 baş, xırdabuynuzlu heyvanlar üzrə 12 min 806 baş çoxdur. Cari ilin ötən dövründə 9 heyvandarlıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq təsərrüfatı genişləndirilmişdir. Ümumilikdə, yanvar-sentyabr aylarında kənd təsərrüfatı subyektlərinə 8 milyon 776 min 600 manat məbləğində kreditlər verilmişdir ki, bunun da 7 milyon 23 min manatı heyvandarlığa yönəldilmişdir. Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Hazırda mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Heyvandarlıq təsərrüfatlarında 9 min 654 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 6 min 383 baş sağlam bala alınmışdır. Həmçinin əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsində 2019-cu ilin ötən 9 ayı ərzində diri çəkidə ət istehsalı 19 min 105 ton, süd istehsalı 72 min 451 ton, yun istehsalı 904 ton, yumurta istehsalı isə 76 milyon 634 min 800 ədəd olmuşdur. Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti ilə birgə sistemli tədbirlər görülür, qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, malqara və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri uğurla davam etdirilir. Muxtar respublikada 74 min 244 arı ailəsi mövcuddur. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – balfestivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur. Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz edilməsinin böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 2240-ı nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 319-u 2019-cu ilin ötən 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı hökumət tərəfindən güzəştlər müəyyən edilmişdir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur.

Muxtar respublikanın əsas toxumçuluq bazası olan bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışı da həyata keçirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 7 min 79 ton mineral gübrə ilə təmin edilmişdir. I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur. Əhalinin ilboyu meyvə-tərəvəz məhsulları ilə təminatı muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar və sahəsi 131 min 162 kvadratmetr olan 23 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması cari ildə belə təsərrüfatların daha da genişləndirilməsinə, əhalinin kənd təsərrüfatına olan marağının artmasına və maddi rifah halının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Ötən dövrdə muxtar respublikada 372 milyon 356 min 500 manat kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra diqqətdə saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 
 

Muxtar respublikada ailə təsərrüfatları yeni mərhələdə inkişaf etdirilir

Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Diyarımızda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və belə təsərrüfatlara dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısının bariz nümunəsidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, muxtar respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması məqsədilə bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017- 2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrarsahənin, bu çərçivədə ailə təsərrüfatlarının inkişafına da öz töhfəsini verməkdədir. “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər muxtar respublikada belə təsərrüfatların inkişafına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” mühüm əhəmiyyətə malikdir. Plana uyğun olaraq ailə təsərrüfatlarının biznes planı tərtib edilib, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və digər tədbirlər muxtar respublikada istehlak bazarının sabitləşməsinə şərait yaradıb. Ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması, istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılmasına, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verib. Bütün bunların nəticəsidir ki, artıq ailə təsərrüfatları kiçik sahibkarlıq subyektləri kimi formalaşıb. İstehsal olunan məhsulların “Ailə təsərrüfatı” əmtəə nişanı ilə satışa çıxarılmasından sonra ona alıcı marağının artması isə keyfiyyət amilinə xüsusi diqqət yetirildiyini göstərir. Ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq və təbliğ edilməsi məqsədilə tədbirlərin keçirilməsi belə təsərrüfatların ərzaq təhlükəsizliyinin təmin olunmasında rolunun, həmçinin iş təcrübələrinin artırılmasına, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin formalaşmasına səbəb olub. Bu məqsədlə may ayında Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniştətbiq edilməsi ilə əlaqədar rayon mərkəzində tədbir keçirilib. Tədbirdə muxtar respublikanın rayonlarının 167 qabaqcıl ailə təsərrüfatı başçısı iştirak edib. Ordubadda istehsal olunan məhsulların tədbir iştirakçılarına təqdim edilməsi, ailə təsərrüfatları başçılarının bir-birləri ilə təcrübə mübadiləsi aparmaları bu gün öz bəhrələrini verməkdədir. Sevindirici haldır ki, son illərdə muxtar respublikada müxtəlifsəpkili festivalların təşkili ənənə halını alıb. “Ailə təsərrüfatı məhsulları” festivalları ilə yanaşı, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” festivalları da istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırıb. Məhsul festivallarının bölgələrimizdə də keçirilməsi həmin rayonlarda belə təsərrüfatların sayının və istehsalının hər il artdığını göstərir. Məsələn, ötən ay Şahbuz rayonunda ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub. Burada rayonun kəndlərindən 80-ə yaxın ailə təsərrüfatı tərəfindən 11 növdə, 79 adda 2300 qablaşdırılmış məhsulun çıxarılması bölgədə ailə təsərrüfatının inkişaf etdiyini göstərir. Oktyabrın 18-də Sədərək rayonunda da “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivalda rayonun kəndlərindən 20-dən artıq ailə təsərrüfatı tərəfindən 108 adda, 5014-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulu iştirakçılara təqdim edilib. Bütün bunlar onu göstərir ki, sərhəd bölgəmizdə də bu istiqamətdə yeni-yeni uğurlar əldə edilir. Bu gün muxtar respublika əhalisinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Əldə olunan uğurlu nəticələrdə ailə təsərrüfatlarının böyük rolu vardır. Artıq muxtar respublikanın ailə təsərrüfatları növbəti festivala hazırlaşır. Qarşıdan qış mövsümü gəldiyi üçün hamı bu fəslin azuqəsini festivaldan əldə edə biləcək. Bu da tədbiri əsl ümumxalq bayramına çevirəcək.

 
 

KƏND TƏSƏRRÜFATININ İNTENSİV İNKİŞAFI NÖVBƏLİ ƏKİNLƏ ÜZVİ SURƏTDƏ BAĞLIDIR

Torpaqların strukturunun qorunması, münbitliyinin artırılması, eyni zamanda becərilən kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürmək üçün yerinə yetirilməsi vacib olan aqrotexniki tədbirlərdən biri də növbəli əkinlərin tətbiq edilməsidir. Qeyd edək ki, eyni bitkinin bir neçə il dalbadal eyni sahədə əkilməsi alaq otlarının kütləvi artımına, xəstəlik və zərərvericilərin çoxalmasına, torpaqda birtərəfli qidalanmanın getməsinə, bununla da qida maddələrinin çatışmaması üzündən torpağın qüvvədən düşməsinə gətirib çıxarır ki, bu da məhsuldarlığın azalmasına səbəb olur. Göstərilən zərərli vasitələrin aradan qaldırılması üçün isə əlavə becərmələrin, xəstəlik və zərərvericilərə qarşı təkrar mübarizə tədbirlərinin aparılması tələb olunur.

Bir faktı da qeyd etmək lazımdır ki, gübrələrin normalara uyğun verilməsinə baxmayaraq, növbəli əkin sistemi tətbiq edilməyən taxıl əkini sahəsinin hər hektarından 20 sentner, növbəli əkin aparılmış sahənin hər hektarından isə 30 sentner məhsul götürülür. Eyni müqayisəli məhsuldarlıq göstəriciləri kartof əkini sahələrində də özünü göstərir. Belə ki, növbəli əkin aparılmayan kartof sahələrinin hər hektarından 145 sentner, növbəli əkin aparılan sahələrin hər hektarından 198 sentner məhsul istehsal edilir. Göründüyü kimi, növbəli əkin keçirilməyən sahələrə nisbətən, növbəli əkin keçirilən sahənin hər hektarında dən məhsulunun artım miqdarı 50 faizdən çox, kartof məhsulunun artım miqdarı isə 30 faizə qədər olur.

Yüksək məhsul verən bitkilər bol məhsul üçün torpaqdan müəyyən qədər qida maddələri mənimsəyirlər. Torpaq isə öz-özlüyündə qısa zaman kəsiyində bitki tərəfindən mənimsənilən qida maddələrini tezliklə bərpa edə bilmir. Ona görə də həmin sahələrə aqrotexniki normalarda nəzərdə tutulduğundan artıq miqdarda əlavə üzvi və mineral gübrələrin verilməsi tələb olunur.  Gübrələrin alınmasına və torpağa verilməsinə də əlavə vəsait lazımdır. Lakin növbəli əkinlərin tətbiqi zamanı bu məsariflərin miqdarı müəyyən qədər azalır. Ona görə ki, növbəli əkin zamanı əkilmiş sələf bitkilərinin özləri torpaqda olan qida maddələrini mənimsəməklə bərabər, torpağın özünü də qida maddələri ilə zənginləşdirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir hektar yonca əkini sahəsi bir il ərzində torpaqda 300 kiloqrama qədər azot toplayır.

Göründüyü kimi, növbəli əkin zamanı həmin sahəyə əkiləcək bitkinin növündən asılı olaraq, sahəyə əlavə azot gübrəsinin verilməsinə ehtiyac qalmır. Bu isə nəticədə vahid sahəyə sərf ediləcək məsariflərin azalmasına gətirib çıxarır.

Çoxillik təcrübələrə və elmi araşdırmalara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, növbəli əkin sistemindən istifadə etmədən yüksək və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Ona görə də hər bir torpaq mülkiyyətçisi tövsiyə edilən əkin sistemindən düzgün və səmərəli istifadə edərsə, onda torpaq mülkiyyətçiləri və fermerlər əkib-becərdikləri sahələrdə yüksək məhsuldarlığa nail ola bilərlər.

 
 

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

 

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olmuş, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün 32 min hektar sahədə taxıl əkiləcəkdir ki, onun da 6 min hektarı dəmyə əkinidir. Taxıl əkininə lazımi qədər texnika və avadanlıq cəlb olunmuşdur. Əkin şırım üsulu ilə aparılır. Bu məqsədlə toxumsəpənlərə şırımaçan aqreqat qoşulmuşdur. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində tələbata uyğun toxum ehtiyatı yaradılmışdır. Əkindən əvvəl toxumlar dərmanlanmış və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilmişdir. Taxıl əkini hər bir sortun səpin normasına uyğun olaraq 180-200 kiloqram hesabı ilə aparılır, toxumla birlikdə torpağın strukturuna uyğun olaraq hər hektara 100 kiloqram zənginləşdirilmiş gübrə verilir. Bu günə qədər muxtar respublikada 21 min 901 hektar sahədə şum, 5 min hektardan artıq sahədə isə əkin aparılmışdır. Bildirilmişdir ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1350 hektar sahədə payızlıq taxıl əkini aparılacaqdır. Bu günə qədər 360 hektar əkilib. Əkində yerli şəraitə uyğun “Qobustan”, “Fatimə”, “Quality” və “Bezostya” məhsuldar toxum sortlarından istifadə olunur. Əkinə təsərrüfatın 20 texnikası cəlb olunmuşdur. Şırım üsulu ilə əkin və ərazidə qurulan qapalı suvarma şəbəkəsi məhsuldarlığı xeyli artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatının inkişafısahəsində görülən işlərin taxılçılığın inkişafı üçün geniş imkanlar yaratdığını bildirərək demişdir: Mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, toxum və su ehtiyatının yaradılması, texnika təminatı imkan verir ki, muxtar respublikada taxıl əkinləri aqrotexniki qaydalara uyğun aparılsın. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması torpaq mülkiyyətçilərinin məhsuldar toxum sortları ilə təmin olunmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Toxumların dərmanlanması,şırım üsulu ilə əkinə üstünlük verilməsi, dövlət tərəfindən hər il yüz hektarlarla qapalı suvarma şəbəkələrinin qurulması məhsuldarlığı artırmışdır. Bu işlərin görülməsində məqsəd ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir. Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənildiyini bildirmiş və bu işdə əməyi olanlara təşəkkür etmişdir. Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılması, əkin atlaslarına əməl edilməsi, əkinə cəlb olunmuş texnikalara yerində texniki xidmətin göstərilməsi, qapalı suvarma şəbəkələri qurulacaq ərazilərin xəritələşdirilməsi, payız suvarma mövsümünə başlanılması və taxıl əkininin mütəşəkkil başa çatdırılması barədə aid qurumlara tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 
 

Səhifə 9 > 31-dən

Joomla 1.5