Mətbuat xidməti Xəbərlər

Muxtar respublikada ailə təsərrüfatları yeni mərhələdə inkişaf etdirilir

Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Diyarımızda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və belə təsərrüfatlara dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısının bariz nümunəsidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, muxtar respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması məqsədilə bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017- 2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrarsahənin, bu çərçivədə ailə təsərrüfatlarının inkişafına da öz töhfəsini verməkdədir. “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər muxtar respublikada belə təsərrüfatların inkişafına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” mühüm əhəmiyyətə malikdir. Plana uyğun olaraq ailə təsərrüfatlarının biznes planı tərtib edilib, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və digər tədbirlər muxtar respublikada istehlak bazarının sabitləşməsinə şərait yaradıb. Ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması, istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılmasına, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verib. Bütün bunların nəticəsidir ki, artıq ailə təsərrüfatları kiçik sahibkarlıq subyektləri kimi formalaşıb. İstehsal olunan məhsulların “Ailə təsərrüfatı” əmtəə nişanı ilə satışa çıxarılmasından sonra ona alıcı marağının artması isə keyfiyyət amilinə xüsusi diqqət yetirildiyini göstərir. Ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq və təbliğ edilməsi məqsədilə tədbirlərin keçirilməsi belə təsərrüfatların ərzaq təhlükəsizliyinin təmin olunmasında rolunun, həmçinin iş təcrübələrinin artırılmasına, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin formalaşmasına səbəb olub. Bu məqsədlə may ayında Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniştətbiq edilməsi ilə əlaqədar rayon mərkəzində tədbir keçirilib. Tədbirdə muxtar respublikanın rayonlarının 167 qabaqcıl ailə təsərrüfatı başçısı iştirak edib. Ordubadda istehsal olunan məhsulların tədbir iştirakçılarına təqdim edilməsi, ailə təsərrüfatları başçılarının bir-birləri ilə təcrübə mübadiləsi aparmaları bu gün öz bəhrələrini verməkdədir. Sevindirici haldır ki, son illərdə muxtar respublikada müxtəlifsəpkili festivalların təşkili ənənə halını alıb. “Ailə təsərrüfatı məhsulları” festivalları ilə yanaşı, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” festivalları da istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırıb. Məhsul festivallarının bölgələrimizdə də keçirilməsi həmin rayonlarda belə təsərrüfatların sayının və istehsalının hər il artdığını göstərir. Məsələn, ötən ay Şahbuz rayonunda ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub. Burada rayonun kəndlərindən 80-ə yaxın ailə təsərrüfatı tərəfindən 11 növdə, 79 adda 2300 qablaşdırılmış məhsulun çıxarılması bölgədə ailə təsərrüfatının inkişaf etdiyini göstərir. Oktyabrın 18-də Sədərək rayonunda da “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivalda rayonun kəndlərindən 20-dən artıq ailə təsərrüfatı tərəfindən 108 adda, 5014-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulu iştirakçılara təqdim edilib. Bütün bunlar onu göstərir ki, sərhəd bölgəmizdə də bu istiqamətdə yeni-yeni uğurlar əldə edilir. Bu gün muxtar respublika əhalisinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Əldə olunan uğurlu nəticələrdə ailə təsərrüfatlarının böyük rolu vardır. Artıq muxtar respublikanın ailə təsərrüfatları növbəti festivala hazırlaşır. Qarşıdan qış mövsümü gəldiyi üçün hamı bu fəslin azuqəsini festivaldan əldə edə biləcək. Bu da tədbiri əsl ümumxalq bayramına çevirəcək.

 

KƏND TƏSƏRRÜFATININ İNTENSİV İNKİŞAFI NÖVBƏLİ ƏKİNLƏ ÜZVİ SURƏTDƏ BAĞLIDIR

Torpaqların strukturunun qorunması, münbitliyinin artırılması, eyni zamanda becərilən kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürmək üçün yerinə yetirilməsi vacib olan aqrotexniki tədbirlərdən biri də növbəli əkinlərin tətbiq edilməsidir. Qeyd edək ki, eyni bitkinin bir neçə il dalbadal eyni sahədə əkilməsi alaq otlarının kütləvi artımına, xəstəlik və zərərvericilərin çoxalmasına, torpaqda birtərəfli qidalanmanın getməsinə, bununla da qida maddələrinin çatışmaması üzündən torpağın qüvvədən düşməsinə gətirib çıxarır ki, bu da məhsuldarlığın azalmasına səbəb olur. Göstərilən zərərli vasitələrin aradan qaldırılması üçün isə əlavə becərmələrin, xəstəlik və zərərvericilərə qarşı təkrar mübarizə tədbirlərinin aparılması tələb olunur.

Bir faktı da qeyd etmək lazımdır ki, gübrələrin normalara uyğun verilməsinə baxmayaraq, növbəli əkin sistemi tətbiq edilməyən taxıl əkini sahəsinin hər hektarından 20 sentner, növbəli əkin aparılmış sahənin hər hektarından isə 30 sentner məhsul götürülür. Eyni müqayisəli məhsuldarlıq göstəriciləri kartof əkini sahələrində də özünü göstərir. Belə ki, növbəli əkin aparılmayan kartof sahələrinin hər hektarından 145 sentner, növbəli əkin aparılan sahələrin hər hektarından 198 sentner məhsul istehsal edilir. Göründüyü kimi, növbəli əkin keçirilməyən sahələrə nisbətən, növbəli əkin keçirilən sahənin hər hektarında dən məhsulunun artım miqdarı 50 faizdən çox, kartof məhsulunun artım miqdarı isə 30 faizə qədər olur.

Yüksək məhsul verən bitkilər bol məhsul üçün torpaqdan müəyyən qədər qida maddələri mənimsəyirlər. Torpaq isə öz-özlüyündə qısa zaman kəsiyində bitki tərəfindən mənimsənilən qida maddələrini tezliklə bərpa edə bilmir. Ona görə də həmin sahələrə aqrotexniki normalarda nəzərdə tutulduğundan artıq miqdarda əlavə üzvi və mineral gübrələrin verilməsi tələb olunur.  Gübrələrin alınmasına və torpağa verilməsinə də əlavə vəsait lazımdır. Lakin növbəli əkinlərin tətbiqi zamanı bu məsariflərin miqdarı müəyyən qədər azalır. Ona görə ki, növbəli əkin zamanı əkilmiş sələf bitkilərinin özləri torpaqda olan qida maddələrini mənimsəməklə bərabər, torpağın özünü də qida maddələri ilə zənginləşdirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir hektar yonca əkini sahəsi bir il ərzində torpaqda 300 kiloqrama qədər azot toplayır.

Göründüyü kimi, növbəli əkin zamanı həmin sahəyə əkiləcək bitkinin növündən asılı olaraq, sahəyə əlavə azot gübrəsinin verilməsinə ehtiyac qalmır. Bu isə nəticədə vahid sahəyə sərf ediləcək məsariflərin azalmasına gətirib çıxarır.

Çoxillik təcrübələrə və elmi araşdırmalara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, növbəli əkin sistemindən istifadə etmədən yüksək və keyfiyyətli məhsul əldə etmək mümkün deyil. Ona görə də hər bir torpaq mülkiyyətçisi tövsiyə edilən əkin sistemindən düzgün və səmərəli istifadə edərsə, onda torpaq mülkiyyətçiləri və fermerlər əkib-becərdikləri sahələrdə yüksək məhsuldarlığa nail ola bilərlər.

 
 

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

 

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olmuş, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün 32 min hektar sahədə taxıl əkiləcəkdir ki, onun da 6 min hektarı dəmyə əkinidir. Taxıl əkininə lazımi qədər texnika və avadanlıq cəlb olunmuşdur. Əkin şırım üsulu ilə aparılır. Bu məqsədlə toxumsəpənlərə şırımaçan aqreqat qoşulmuşdur. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində tələbata uyğun toxum ehtiyatı yaradılmışdır. Əkindən əvvəl toxumlar dərmanlanmış və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilmişdir. Taxıl əkini hər bir sortun səpin normasına uyğun olaraq 180-200 kiloqram hesabı ilə aparılır, toxumla birlikdə torpağın strukturuna uyğun olaraq hər hektara 100 kiloqram zənginləşdirilmiş gübrə verilir. Bu günə qədər muxtar respublikada 21 min 901 hektar sahədə şum, 5 min hektardan artıq sahədə isə əkin aparılmışdır. Bildirilmişdir ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1350 hektar sahədə payızlıq taxıl əkini aparılacaqdır. Bu günə qədər 360 hektar əkilib. Əkində yerli şəraitə uyğun “Qobustan”, “Fatimə”, “Quality” və “Bezostya” məhsuldar toxum sortlarından istifadə olunur. Əkinə təsərrüfatın 20 texnikası cəlb olunmuşdur. Şırım üsulu ilə əkin və ərazidə qurulan qapalı suvarma şəbəkəsi məhsuldarlığı xeyli artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatının inkişafısahəsində görülən işlərin taxılçılığın inkişafı üçün geniş imkanlar yaratdığını bildirərək demişdir: Mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, toxum və su ehtiyatının yaradılması, texnika təminatı imkan verir ki, muxtar respublikada taxıl əkinləri aqrotexniki qaydalara uyğun aparılsın. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması torpaq mülkiyyətçilərinin məhsuldar toxum sortları ilə təmin olunmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Toxumların dərmanlanması,şırım üsulu ilə əkinə üstünlük verilməsi, dövlət tərəfindən hər il yüz hektarlarla qapalı suvarma şəbəkələrinin qurulması məhsuldarlığı artırmışdır. Bu işlərin görülməsində məqsəd ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir. Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənildiyini bildirmiş və bu işdə əməyi olanlara təşəkkür etmişdir. Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında aqrotexniki qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılması, əkin atlaslarına əməl edilməsi, əkinə cəlb olunmuş texnikalara yerində texniki xidmətin göstərilməsi, qapalı suvarma şəbəkələri qurulacaq ərazilərin xəritələşdirilməsi, payız suvarma mövsümünə başlanılması və taxıl əkininin mütəşəkkil başa çatdırılması barədə aid qurumlara tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 
 

Mütəxəssislər Kəngərlidə arıçılarla görüşüblər

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon Çalxanqala kəndində Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Baş Sığorta Agentliyinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları arıçılıq təsərrüfatlarının sahibkarlarının iştirakı ilə “Arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin payızda qışlamaya hazırlanması” mövzusunda müşavirə keçiriblər.

Müşavirədə mütəxəssislər arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkil olunmasından danışıblar. Bildirilib ki, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kq bal saxlanmalıdır.

Qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Tövsiyə olunub ki, qışlama binasının qızdırılması da  tənzimlənməli, çox isti olmamalıdır.

Qışlamadan əvvəl xəstəlik və parazitlərə qarşı mübarizə aparılmalı, bu dövürdə varroatoz xəstəliyinə qarşı profilaktiki tədbirlərin aparılması məqsədə uyğundur.

“Hazırda Naxçıvan Muxtar Respublikasında arı ailələrinin sayı 74 mini ötüb. Bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 11 nəfər arıçı ailəsinə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilib”, -bu fikirlər isə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda Çalxanqalada keçirilən digər seminar-müşavirədə səslənib. Seminarda “Ailə təsərrüfatı ili”ndə sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, onlara yaradılan şərait, arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi vurğulanıb.

 
 

“Arıçılıq məhsulları – bal” festivalında 550 min manatdan artıq məhsul satılıb

 

Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Arıçılıq məhsulları – bal” festivalı keçirilmişdir. Muxtar respublikanın bölgələrindən 323 arıçının iştirak etdiyi festivala 13 min 774 kiloqram süzmə bal, 2873 kiloqram şan bal, 442 kiloqram mum, 183 kiloqram vərəmum, 48 kiloqram çiçək tozu, 45 kiloqram güləm, 1090 qram arı südü, 189 litr bal arağı, 55 litr bal şərbəti və digər məhsullar çıxarılmışdır. Festivalda muxtar respublika arıçıları tərəfindən ümumi dəyəri 550 min manatdan artıq olan 18 min 314 kiloqram bal və digər arıçılıq məhsulları satılmışdır. O cümlədən “Naxçıvan məhsulları” tərəfindən 297 arıçıdan 1480 kiloqram bal alınmışdır. Sonda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə keçirilmiş, 4 arıçı birinci, 3 arıçı ikinci, 2 arıçı isə üçüncü yerlərin qalibi olmuşdur. Festivalda 81 sənətkarın, eləcə də məhkumların dulusçuluq, ağacişləmə, tikmə, toxuma, tətbiqi sənət sahələrində hazırladıqları 600-dən çox müxtəlif əl işlərinin sərgi-satışı da keçirilmişdir. İki gün davam edən festivalda 10 min 466 nəfər iştirak etmişdir ki, onlardan da 200-ü turist olmuşdur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti


 
 

Səhifə 5 > 27-dən

Joomla 1.5