Mətbuat xidməti Xəbərlər

İyun ayında kənd təsərrüfatı sahəsində görüləcək işlərin təqvimi

Meyvə və üzüm bağlarında:

Meyvə bağlarında becərmə və suvarma işləri davam etdirilir. Vegetasiya dövründə doludan, küləkdən və sair səbəblərdən zərər görmüş meyvə bağlarına ağaclarda növbəti ilin məhsul zoğlarının inkişafının təmin edilməsi məqsədilə üzvi və mineral gübrələr verilir. Müşahidə edilən bakterial xəstəliklərə qarşı Bordo mayesi və yaxud onun əvəzedicilərindən biri ilə çiləmə aparılmalıdır. Məhsul verən tumlu meyvə bağlarında zərərvericilərə qarşı Mostar, Safpan, Dentis, Effore və xəstəliklərə qarşı Bordo mayesi, Sineb, Polikarbatsin və s. preparatlarından biri ilə çiləmə aparılmalıdır. Cavan meyvə bağlarında da analoji xəstəlik və zərərvericilər müşahidə edilərsə, mübarizə aparılır.

Meyvə bağlarında az məhsuldar meyvə sortlarının calaq yolu ilə sortdəyişməsinin aparılması məqsədilə calaqaltı və calaqüstü seçilir, sadə göz calağı vurulması üçün hazırlıq işləri görülür.

Üzüm bağlarında becərmələr (suvarma, yaşıl budama, alaqvurma və s.) davam etdirilir. Tənəklərdə müşahidə edilən xəstəliklərə qarşı mübarizə aparmaq məqsədilə Bordo mayesi, Xemosin, Ridomil, Polikarbatsin preparatlarından, zərərvericilərə qarşı isə Poliqor, Nissoran, Vertok, Judio, Desis preparatlarından biri ilə çiləmə aparılmalıdır.

Əkinçilikdə:

-Taxıl əkinlərində suvarmalar (dən suyu) aparılır.

-Kartof əkinlərində suvarmalar davam etdirilir, əkinlərə yemlənmə şəklində mineral gübrə verilir. Bitkilərin inkişafını sürətləndirmək məqsədilə kökdənkənar qidalandırmaq üçün mikroelementlər verilir. Zərərvericilərə qarşı, əsasən də kolorado böcəyinə və kartof güvəsinə qarşı Grand, Pespan, Diazinon, Desis, Mutadoz və s. preparatlardan biri ilə mübarizə aparılmalıdır. Xəstəliklərə, əsasən də fitoftora (qaraçor), makrosporioza (qırmızıçor) qarşı Ridomil, Bordo mayesi, Benomil, Sineb və s. preparatlarından biri ilə çiləmə aparılır.

-Bostan əkinlərində becərmələr davam etdirilir. Əkinlər suvarılır, dibdoldurma işləri aparılır. Alaq otlarına qarşı ketmənləmə, cərgəarası becərmə aparılır. Xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri yerinə yetirilir.

- Səbzə tərəvəz bitkilərinin yay əkinlərinin aparılması başa çatdırılır.

- Qarğıdalı əkinlərində alaq otlarına qarşı 3-4 yarpaq fazasında kimyəvi mübarizə aparmaq məqsədilə 2,4 D Amin duzu, hektafermin preparatlarından biri ilə çiləmə aparılır, əkinlərə birinci azotlu yemləmə gübrəsi verilir və kultivasiya aparılır.

-Taxıl biçininə hazırlıq işləri görülür, xırman yeri hazırlanır, anbarlarda dezinfeksiya aparılır.Taxıl biçən kombaynlar digər kənd təsərrüfatı maşın və mexanizmləri işlək vəziyyətə gətirilir.

Maldarlıqda:

Süd istehsalını artırmaq məqsədilə laktasiyanın 2-3-cü aylarında olan inək və camışların yem payında qida maddələrinin miqdarını artırmaq, südü təmiz sağmaq uçun tədbirlər görülməlidir. İlkinə doğmuş inəklərin yemlənməsi zootexniki normalara uyğun aparılmalıdır. Həvəsdə olan ana malların süni mayalandırılması aparılmalıdır. Xəstə heyvanların və körpə buzovların ferma ətrafı ərazilərdə olan örüşlərdə (xəsilliklərdə) otarılması təmin edilməlidir.

Qoyunçuluqda:

Heyvanların yay otlaqlarına qaldırılmasından əvvəl zoobaytar mütəxəssislər tədbirlər planı hazırlamalıdır. Bu planda sürünün nə vaxt köçürülməsi, qoyunların hansı yolla (marşrutla) sürülməsi, hansı düşərgələrdə dayandırılması, fermaya lazım olan nəqliyyat və təchizat vasitələri, qüvvəli və mineral yemlər, yaylağa gedəsi heyvandarların siyahıları və sairə tədbirlər qeyd olunmalıdır. Ferma yola düşməzdən əvvəl sahibkar köç yollarını nəzərdən keçirməli, sürüləri saymalı və hər bir sürü müvafiq sənəd üzrə çobana təhvil verilməlidir. Həmin aktda sürüdə olan qoyunların cinsi, cinsiyyəti, yaşı, sağlamlığı və köklük dərəcəsi qeyd olunmalıdır. Yaylağa qaldırılacaq qoyunlar nömrələnməlidir. Baytar mütəxəssisləri hər bir sürünü yoxlayıb sağlam olmaları barədə sənəd verməlidir. Zəif və körpə heyvanların ümumu sürü ilə yox, xüsusi avtomobillərlə yaylağa qaldırılması təşkil edilməlidir.

Quşçuluqda:

Havaların isti keçməsi ilə əlaqədar olaraq toyuqların iştahası azalır, onlar yemə az, suya isə çox meyl edirlər. Bu vaxt yem normasını azaltmaq, yemin tərkibini qidalı maddələr hesabına zənginləşdirmək lazımdır.

Arıçılıqda:

Arıların nektar yığımına hazırlanması: Arıçı мuxtar respublikа ərazisində relyefdən asılı olaraq çiçəkli sahələri müəyyənləşdirməlı, arı ailələrini mərhələlərlə çiçək bol olan dağ­ətəyi və dağlıq zonalara köçürməlidir. Köçürülmə zamanı arıxanalar köçürülmə zonalarında biri digərindən ən azı 3 km məsafədə yerləşdirilməlidir. Arıların çiçəklərdən faydalanması üçün maksimim məsafə 2 km radiusda olmalıdır.

Beçə vermənin idarə olunması: ayırma beçələr yaradılmalı, ailələrin iş imkanları artırılmalıdır. (şanhörmə və s.) Sanitar-gigiyena qaydalarına əməl edilməklə yanaşı epizootik plana uyğun baytarlıq tədbirlərinin yerinə yetirilməsinə ciddi fikir verilməlidir.

 

“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır. Iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb.

Məlumat verilib ki, fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran “Kəhrəba” Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilib. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunub. Aqrotexniki qaydalara düzgün əməl edilməsi məhsulun vegetasiya dövründə yaxşı inkişafına səbəb olub. Təsərrüfatda yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır.

Ali Məclisin Sədri fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

 
 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Naxçıvanda fermer təsərrüfatlarının fəaliyyət təcrübəsi ilə tanış olub

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 9-da Naxçıvana səfəri çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.
İnam Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə gəlib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, fəaliyyətə başladığı dövrdən cəmiyyətə müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Nazirə cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında bitkiçilik və baytarlıq aptekləri də yaradılıb.

İnam Kərimov Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhrəba” fermer təsərrüfatında da olub. Məlumat verilib ki, təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda digər tərəvəz və bostan bitkiləri əkilib. Əkin zamanı yerli və məhsuldar sortlardan istifadəyə önəm verilib. Yerli şəraitə uyğunlaşdırılmış bitki sortlarının muxtar respublikanın rayon və kəndlərində əkini üçün də yaxşı imkanların olduğu bildirilib.

Naxçıvan “Bərəkət Toxumçuluq Təsərrüfatı”nda olan kənd təsərrüfatı naziri onun fəaliyyəti ilə də maraqlanıb. Təsərrüfatın bazasındakı texnikaların iş prinsipi haqqında ətraflı məlumat verilib və bildirilib ki, ­“Bərəkət Toxumçuluq Təsərrüfatı” ­Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün məhsul istehsalçılarını keyfiyyətli və məhsuldarlığı yüksək olan toxumlarla təmin edir. Bunun üçün müasir texnika və texnoloji avadanlıqlar alınıb.Eyni zamanda cəmiyyətin Kəngərli rayonunda geniş əkin sahələri də mövcuddur.

Muxtar respublikaya səfəri zamanı nazir İnam Kərimov Babək rayonunda fəaliyyət göstərən “Bərəkət Damazlıq Təsərrüfatı”nda da olub. Bildirilib ki, geniş ərazisi olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və qaramalın saxlanıldığı sahələrdən ibarətdir. Damazlıq təsərrüfatında hər biri gündəlik ­ 20 litrə yaxın südvermə qabiliyyətinə malik ­holşteyn-friz, simmental və şves cinslərindən olan inəklər saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Diqqətə çatdırılıb ki, təsərrüfat muxtar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rola malikdir. Burada süni mayalanma yolu ilə əldə olunan buzovlar muxtar respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarına satılır ki, bu da xaricdən cins mal-qaranın gətirilməsinə olan ehtiyacın aradan qaldırılmasına şərait yaradır.

 
 

Seminar müşavirə keçirilib

Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə üsulları, yeni becərmə texnologiyalarının tətbiqi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Həsən Əmirahov açıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramovun, nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovun, Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi İntiqam Hüseynbəylinin kənd təsərrüfatında əkilib-becərilən bitkilərin zərərverici və xəstəliklərinə qarşı kompleks mübarizə tədbirlərinin aparılması istiqamətində çıxışları olub. Çıxışlarda Şərur rayonunun muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri olduğu vurğulanıb. Tədbirin sonunda sahibkarlar tərəfindən verilən suallar cavablandırılıb. Zərərverici və alaq otlarına qarşı mübarizə aparılması üçün dərman preparatları verilib.

 
 

Arıçılıq təsərrüfatında maarifləndirici tədbir

 

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbirlər planı təsdiq olunub. Həmin tədbirlər planına uyğun olaraq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, arıçılıqla məşğul olanlara metodik köməklik göstərilir. Görülən bu işlərin davamı olaraq nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin əməkdaşları Əyyub Abdullayev və Vəli Novruzovun iştirakı ilə Culfa rayonunun Camaldın kəndində arıçı sahibkar Kamil Məmmədovun arıçılıq təsərrüfatında maarifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində sahibkarın arı ailələrinə baxılıb, güclü arı ailələrinin bölünməsi, beçəvermənin tənzimlənməsi, köç yerlərinin dəyişdirilməsi, arıxanalarda baytar-sanitar qaydalarına uyğun işlərin aparılması, arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası haqqında geniş məlumat verilib. Sonda nazirliyin əməkdaşlarının hazırladıqları “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə qaydaları”, “Bal arılarının parazitar xəstəlikləri və onlara qarşı səmərəli mübarizə tədbirləri”, “Həvəskar və peşəkar arıçılıqla məşğul olma, arı ailəsinin standart gücünün müəyyən edilməsi, arıçılıq təsərrüfatlarının uçota alınması və statistik hesabatlarının təqdim edilməsi qaydaları” adlı bukletlər təqdim olunub.

 
 

Səhifə 31 > 31-dən

Joomla 1.5