Mətbuat xidməti Xəbərlər

Taxıl biçini kompaniyası uğurla davam edir.

Naxçıvan Muxtar Respublikasında artıq 2018-ci ilin taxıl biçini kampa-niyasına başlanılmışdır. Cari ildə 32483 hektar sahənin taxılı biçiləcəkdir ki, bunun da 22632 hektarı buğda, 9851 hektarı isə arpadır. Əkin sahələrinə vaxtında aqrotexniki qulluq göstərilərək zəmilərdə bol məhsul yetişdirilib. Biçin kampaniyasının vaxtında və  keyfiyyətlə başa çatdırılması üçün sahələrə 95 ədəd müasir tipli taxılbiçən kombayn çıxarılıb. Hazırda muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək  rayonlarında və Naxçıvan şəhərində taxıl biçini aparılır. Operativ məlumatlara əsasən 02 iyul tarixə 11485 hektar sahənin taxılı biçilmiş 34345 ton məhsul toplanmışdır. Hər hektarın  orta  məhsuldarlığı 29,9 sentnerdir.

 

Batabat yaylağında müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı ” nın  və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı  Tədbirlər Planının icrası diqqətdə saxlanılıb. Bununla əlaqədar Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən Şahbuz rayonundakı Batabat yaylağında Naxçıvan MR Kənd Təsərrüfatı, Iqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehsalat Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin  və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi arıçılıq təsərrüfatlarının sahibkarları ilə birgə müşavirə keçirilib. Müşavirədə adıçəkilən dövlət proqramından irə gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı çıxışlar olub. Çıxışlarda arı ailələrinin köçürülməsinin  təşkili,  arı ailələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti, arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi və həmin ərazilərdə olan ağac və kolların kəsilməsinin qarşısının alınması, arıçılıqda yeni texnologiyaların tətbiqi, arı xəstəliklərinin qarşısının alınmasında  baytarlıq tədbirlərin həyata keçirilməsi, muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının sertifikatlaşdırılması və yerli arı genefondunun mühafizəsinin əhəmiyyəti barədə məlumat verilib.Bildirilib ki,  arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Diqqətə çatdırılıb ki, muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb. Həmçinin arıçılıq təsərrüfatlarının istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini artırmaq və yerli arıçılığın inkişafını stimullaşdırmaq üçün arıçı sahibkarların dəstəklənməsi, dövlət büdcəsi hesabına arıçılıq təsərrüfatlarına subsidiyaların və pulsuz dərmanların  verilməsi bu sahənin inkişafı üçün yeni imkanlar yaradır.  Azərbaycan Respublikasında 2 fevral 2009-cu il tarixdə “Arıçılıq haqqında” Qanununun qəbul edilməsi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına,  təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olub. Həmçinin vurğulanıb ki, muxtar respublikamızda arıçılıqla 4070-dən çox sahibkar məşğul olur, onlardan 549 sahibkarın 20 ailədən 250 ailəyə qədər arı ailəsi var. Hesablamalar göstərir ki, gələcəkdə arı ailəsinin sayını 100 min ailəyə çatdırmaq və məhsuldarlığını 2 dəfə  artırmaq mümkündür.

Sonda sahibkarları maraqlandıran suzllar cavablandırılıb

 
 

Yay otlaqlarından səmərəli istifadə edək.

Muxtar  respublikada torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi əhəmiyyət daşıyır.

Yaylaq mövsümü cari ilin iyun ayının 10-dan başlanıb. Mal-qara  yay otlaqlarına qaldırılmaqla növbəli otarma sistemindən istifadə edilir. Otlaqların məhsuldarlığını artırmaq üçün otlaq sahəsinin istifadəçiləri və ya icarədarları, otlaq sahələrindən təyinatı üzrə istifadə etməyə, otlaq sahələrindəki su mənbələrindən səmərəli istifadəyə və onların qorunub saxlanmasına, otlaq sahələrində mərz (sərhəd) nişanlarının qorunmasına çalışmalıdırlar. Onlar köç yolu və mal-qara düşərgəsindən təyinatı üzrə istifadə etməli, yataqlar  və otlaqlar  arası  xüsusi  yollardan  istifadə  etməyə, lazımsız yol və cığırların salınmasına yol verməməlidirlər. Otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət edilməli həmin ərazilərdə iribuynuzlu malın naxır  halında otarılmasının qarşısı alınmalıdır. İmkan olan yerlərdə otlaqların suvarılmasına, sahələrə peyin və gübrənin verilməsinə kol-kosdan və daşdan təmizlənməsinə nail olmalıdırlar.

Nazirlik tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlarla, fermerlərlə, fərdi təsərrüfat sahibləri ilə otlaq  ərazilərində görüşlər keçirilir, otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində mövcud qanunvericiliyin tələbləri onlara izah edilir.

Cari ildə yay otlaq sahələrində və örüşlərdə  qiymətləndirmə işləri aparılıb, Batabat, Qanlı göl, Keçəl dağ, Dəmirli yurdu və Göy-göl ətrafı yaylaqlardan səmərəli istifadəyə dair  maarifləndirici tədbirlər keçirilir. Muxtar  respublikada  yay otlaq sahələrinin yem ehtiyatlarının qorunması və bərpası görülən tədbirlərin önəmini  daha da artır. Ona görə də yay otlaqlarının səmərəli istifadə olunması məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi  maarifləndirici və məlumatlandırıcı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin məqsədi otlaqların yem ehtiyatlarını qorumaqla yanaşı, torpaqların səhralaşmasının qarşısını almaqdır.

 
 

İyun ayında kənd təsərrüfatı sahəsində görüləcək işlərin təqvimi

Meyvə və üzüm bağlarında:

Meyvə bağlarında becərmə və suvarma işləri davam etdirilir. Vegetasiya dövründə doludan, küləkdən və sair səbəblərdən zərər görmüş meyvə bağlarına ağaclarda növbəti ilin məhsul zoğlarının inkişafının təmin edilməsi məqsədilə üzvi və mineral gübrələr verilir. Müşahidə edilən bakterial xəstəliklərə qarşı Bordo mayesi və yaxud onun əvəzedicilərindən biri ilə çiləmə aparılmalıdır. Məhsul verən tumlu meyvə bağlarında zərərvericilərə qarşı Mostar, Safpan, Dentis, Effore və xəstəliklərə qarşı Bordo mayesi, Sineb, Polikarbatsin və s. preparatlarından biri ilə çiləmə aparılmalıdır. Cavan meyvə bağlarında da analoji xəstəlik və zərərvericilər müşahidə edilərsə, mübarizə aparılır.

Meyvə bağlarında az məhsuldar meyvə sortlarının calaq yolu ilə sortdəyişməsinin aparılması məqsədilə calaqaltı və calaqüstü seçilir, sadə göz calağı vurulması üçün hazırlıq işləri görülür.

Üzüm bağlarında becərmələr (suvarma, yaşıl budama, alaqvurma və s.) davam etdirilir. Tənəklərdə müşahidə edilən xəstəliklərə qarşı mübarizə aparmaq məqsədilə Bordo mayesi, Xemosin, Ridomil, Polikarbatsin preparatlarından, zərərvericilərə qarşı isə Poliqor, Nissoran, Vertok, Judio, Desis preparatlarından biri ilə çiləmə aparılmalıdır.

Əkinçilikdə:

-Taxıl əkinlərində suvarmalar (dən suyu) aparılır.

-Kartof əkinlərində suvarmalar davam etdirilir, əkinlərə yemlənmə şəklində mineral gübrə verilir. Bitkilərin inkişafını sürətləndirmək məqsədilə kökdənkənar qidalandırmaq üçün mikroelementlər verilir. Zərərvericilərə qarşı, əsasən də kolorado böcəyinə və kartof güvəsinə qarşı Grand, Pespan, Diazinon, Desis, Mutadoz və s. preparatlardan biri ilə mübarizə aparılmalıdır. Xəstəliklərə, əsasən də fitoftora (qaraçor), makrosporioza (qırmızıçor) qarşı Ridomil, Bordo mayesi, Benomil, Sineb və s. preparatlarından biri ilə çiləmə aparılır.

-Bostan əkinlərində becərmələr davam etdirilir. Əkinlər suvarılır, dibdoldurma işləri aparılır. Alaq otlarına qarşı ketmənləmə, cərgəarası becərmə aparılır. Xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri yerinə yetirilir.

- Səbzə tərəvəz bitkilərinin yay əkinlərinin aparılması başa çatdırılır.

- Qarğıdalı əkinlərində alaq otlarına qarşı 3-4 yarpaq fazasında kimyəvi mübarizə aparmaq məqsədilə 2,4 D Amin duzu, hektafermin preparatlarından biri ilə çiləmə aparılır, əkinlərə birinci azotlu yemləmə gübrəsi verilir və kultivasiya aparılır.

-Taxıl biçininə hazırlıq işləri görülür, xırman yeri hazırlanır, anbarlarda dezinfeksiya aparılır.Taxıl biçən kombaynlar digər kənd təsərrüfatı maşın və mexanizmləri işlək vəziyyətə gətirilir.

Maldarlıqda:

Süd istehsalını artırmaq məqsədilə laktasiyanın 2-3-cü aylarında olan inək və camışların yem payında qida maddələrinin miqdarını artırmaq, südü təmiz sağmaq uçun tədbirlər görülməlidir. İlkinə doğmuş inəklərin yemlənməsi zootexniki normalara uyğun aparılmalıdır. Həvəsdə olan ana malların süni mayalandırılması aparılmalıdır. Xəstə heyvanların və körpə buzovların ferma ətrafı ərazilərdə olan örüşlərdə (xəsilliklərdə) otarılması təmin edilməlidir.

Qoyunçuluqda:

Heyvanların yay otlaqlarına qaldırılmasından əvvəl zoobaytar mütəxəssislər tədbirlər planı hazırlamalıdır. Bu planda sürünün nə vaxt köçürülməsi, qoyunların hansı yolla (marşrutla) sürülməsi, hansı düşərgələrdə dayandırılması, fermaya lazım olan nəqliyyat və təchizat vasitələri, qüvvəli və mineral yemlər, yaylağa gedəsi heyvandarların siyahıları və sairə tədbirlər qeyd olunmalıdır. Ferma yola düşməzdən əvvəl sahibkar köç yollarını nəzərdən keçirməli, sürüləri saymalı və hər bir sürü müvafiq sənəd üzrə çobana təhvil verilməlidir. Həmin aktda sürüdə olan qoyunların cinsi, cinsiyyəti, yaşı, sağlamlığı və köklük dərəcəsi qeyd olunmalıdır. Yaylağa qaldırılacaq qoyunlar nömrələnməlidir. Baytar mütəxəssisləri hər bir sürünü yoxlayıb sağlam olmaları barədə sənəd verməlidir. Zəif və körpə heyvanların ümumu sürü ilə yox, xüsusi avtomobillərlə yaylağa qaldırılması təşkil edilməlidir.

Quşçuluqda:

Havaların isti keçməsi ilə əlaqədar olaraq toyuqların iştahası azalır, onlar yemə az, suya isə çox meyl edirlər. Bu vaxt yem normasını azaltmaq, yemin tərkibini qidalı maddələr hesabına zənginləşdirmək lazımdır.

Arıçılıqda:

Arıların nektar yığımına hazırlanması: Arıçı мuxtar respublikа ərazisində relyefdən asılı olaraq çiçəkli sahələri müəyyənləşdirməlı, arı ailələrini mərhələlərlə çiçək bol olan dağ­ətəyi və dağlıq zonalara köçürməlidir. Köçürülmə zamanı arıxanalar köçürülmə zonalarında biri digərindən ən azı 3 km məsafədə yerləşdirilməlidir. Arıların çiçəklərdən faydalanması üçün maksimim məsafə 2 km radiusda olmalıdır.

Beçə vermənin idarə olunması: ayırma beçələr yaradılmalı, ailələrin iş imkanları artırılmalıdır. (şanhörmə və s.) Sanitar-gigiyena qaydalarına əməl edilməklə yanaşı epizootik plana uyğun baytarlıq tədbirlərinin yerinə yetirilməsinə ciddi fikir verilməlidir.

 
 

“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır. Iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb.

Məlumat verilib ki, fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran “Kəhrəba” Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilib. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunub. Aqrotexniki qaydalara düzgün əməl edilməsi məhsulun vegetasiya dövründə yaxşı inkişafına səbəb olub. Təsərrüfatda yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır.

Ali Məclisin Sədri fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

 
 

Səhifə 26 > 27-dən

Joomla 1.5