Mətbuat xidməti Xəbərlər Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib

Naxçıvan muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib. Elmi-texniki şuranın üzvləri, aid mütəxəssislər və hamiliyə verilən tələbələrin iştirak etdiyi tədbirdə pomidor və xiyar bitkilərinin istixana şəraitində yetişdirilmə texnologiyası, keyfiyyətli toxum yüksək məhsuldarlığa əsas verir, bitkiçilikdə xəstəlik və zərərvericilərə qarşı intensiz mübarizə üsulları mövzularında söhbət açılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfat naziri, elmi texniki şuranın sədri Bəhruz Bayramov iclasda çıxış edib. Bildirib ki, kənd təsərrüfatı muxtar respublikamızın iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sənaye müəssisələrinin xammalla təchizatında bu sahənin rolu böyükdür. Odur ki, bu sahədə mühüm infrastruktur layihələri həyata keçirilir. İslahatlar aparıldıqdan sonra hər bir kəsə pay torpağı verilib, sahibkarlıq hissi güclənib, son nəticəyə maraq artıb. Dövlət dəstəyi kənd təsərrüfatının bütün sahələrində öz səmərəsini verir. Dünyada pandemiya hökm sürsə də muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əhalinin ərzaqla təminatı artan templə inkişaf etdirilir, daxili bazar qorunur. Emal sənayesinin genişləndirilməsi sayəsində ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı artır. Bəhruz Bayramov muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün geniş potensial olduğunu diqqətə çatdırıb. Bu baxımdan kənd təsərrüfatına yararlı torpaqlardan düzgün istifadə edilməsi, mütərəqqi metodların tətbiqi, kənd əməkçilərinə göstərilən dövlət dəstəyi mühüm əhəmiyyət kəsb edir. Taxılçılıqda şırım üsulunun tətbiqinin vacibliyini önə çəkən nazir ilk dəfə olaraq bu tədbirin Araz Elm İstehsalat Birliyində tətbiq olunduğunu deyib. Bildirib ki, hazırda muxtar respublikada taxıl əkini sahələrinin 95 faizə yaxını məhz bu üsulla əkilir və yaxşı da səmərə götürülür.

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin elmi katibi Rəşid Novruzov çıxışında pomidor və xiyar bitkilərinin istixana şəraitində yetişdirilmə  texnologiyasından danışıb. Bildirib ki, bazar iqtisadiyyatı şəraitində muxtar respublikamızda şüşə və pərdə örtüklü istixanaların sayı xeyli artıb. Əhalinin ilin bütün fəsillərində təzə tərəvəzlə təmin olunmasında istixanaların rolu böyükdür. Mütəxəssis istixanaların hazırlanması, müxtəlif tərəvəz əkinlərinin keçirilmə müddəti, bitkilərin becərmə aqrotexnikası, toxumların seçilməsi və digər məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Mütəxəssislərlə birlikdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin baş laborantı Yeganə Quliyeva kefiyyətli toxum istehsalı və onların məhsuldarlığa təsirindən danışıb. Qeyd edib ki, keyfiyyətli toxum bol məhsul istehsalında mühüm şərtdir. Toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Toxumlar təmiz, cücərmə qabiliyyəti yüksək, dolğun, sağlam və sortca təmiz olmalıdır. itkilərin mühafizəsi idarəsində müasir avadanlıqlarla təshiz edilən laboratoriya fəaliyyət göstərir. Laboratoriyada bitkilərin toxumları analiz olunur. Laboratoriyada həmçinin müasir cihazlar vasitəsilə toxumun təmizliyini, cücərmə enerjisini, nəmliyini, çəkisini, səpinəyararlı olmasını, taxılın tarla şəraitində un çıxarımını yoxlamaq mümkündür. O, bu məqsədlə tədbir iştirakçılarına əyani olaraq müasir cihazların iş funksiyaları barədə məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin şöbə müdiri Kərəm Rəhimov bitkilərin xəstəlik və ziyanvericilərinə qarşı intensiv mübarizə üsullarından danışıb. Bildirib ki, əkin keçirilən sahələrdə ilkin olaraq torpaq analizə verilməli, toxumların təmizliyi, nəmliyi yoxlanılmalı, mineral və üzvi gübrələr aqrotexniki qaydalar əsasında tətbiq edilməli, immuniteti güclü olan davamlı sortlar yetişdirilib əkilməlidir. Bu tədbirlərə əməl olunarsa bitkilərin xəstəlik və ziyanvericilərə yoluxması xeyli azalar. O həmçinin bu və ya digər səbəblərdən bitkilərdə baş verən xəstəliklərə qarşı aparılan mübarizə üsullarından da danışıb.

Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov iclasın sonunda aidiyyatı idarə və təşkilatların rəhbərlərinə və mütəxəssislərə tapşırıqlarını verib. Bildirib ki, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılması mütəxəssislərin nəzarəti ilə vaxtında həyata keçirilməlidir. Digər tərəfdən keyfiyyətli toxum istehsalı diqqətdə saxlanılmalı, xalq seleksiyası yolu ilə əldə edilən toxumlara üstünlük verilməlidir. Əkinlər muxtar respublikamızda mütəxəssislər tərəfindən hazırlanan əkin atlaslarına uyğun aparılmalıdır.

Kənd əməkçilərinə verilən güzəştli şərtlərlə verilən gübrələrin təyinatı üzrə istifadəsinə diqqət yetirilməli, aparılan maarifləndirici tədbirlərdə intensiz becərmələrin üstünlükləri tarla-seminar müşavirələrində mülkiyyətçilərə əyani şəkildə izah olunmalıdır. Mütərəqqi metodlara üstünlük verilməli, əl əməyi daha az tətbiq edilən sahələrin inkişafı diqqətdə saxlanılmalı, taxılçılığın inkişafında intensiv becərmələri həyata keçirməklə əhalinin taxıla və çörəyə olan tələbatı daxili imkanlar hesabına ödənilməlidir. O, qeyd edib ki, bu vacib sahədə həyata keçirilən tədbirlər də məhz bu məqsədi daşıyır.

Nazir hamiliyə verilən tələbələrlə aparılan istehsalat təcrübələrinin təsirliliyinin əhəmiyyətini önə çəkib. Deyib ki, onların istehsalat təcrübələri tarlada, əkin-biçin işlərinin həyata keçirildiyi sahələrdə təşkil olunmalı, gələcəyin mütəxəssisləri məhz indidən formalaşdırılmalıdır. Məqsəd muxtar respublikamızda aqrar bölmənin üstün templə inkişafı, əhalinin keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin olunmasından, eyni zamanda ixracyönümlü məhsulların istehsalından ibarət olmalıdır.

Sonda Bəhruz Bayramov ayrı-ayrı mütəxəssisləri, həmçinin istehsalat təcrübəsində olan tələbələri maraqlandıran suallara aydınlıq gətirib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5