Mətbuat xidməti Xəbərlər Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclası nazir Bəhruz Bayramov açaraq bildirib ki, qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.

Bildirilib ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi daim diqqətdə saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qeyd olunub ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ilin məhsulu üçün 63405 hektar sahədə əkin aparılıb. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıl idi. Taxıl əkinlərinin 26293 hektarı buğda, 10586 hektarı isə arpa əkini olub. Kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Hazırda muxtar respublikada 45 mindən çox ailə təsərrüfatı mövcuddur ki, bunun da 1 oktyabr 2020-ci il tarixə 1040 ixtisaslaşmış kiçik və böyük ailə təsərrüfatlarıdır.
Qeyd olunub ki, hazırda muxtar respublikada 5333,8 hektar sahədə meyvə bağları mövcuddur. Bunun da 4904,2 hektarı bar verən bağlardır. Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu istiqamətdə “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2019-cu illə müqayisədə 4,6 faiz çoxdur.
Sonda məruzə ətrafında çıxışlar olub.

Joomla 1.5