Mətbuat xidməti Xəbərlər Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirəni nazir Bəhruz Bayramov açıb. Diqqətə çatdırılıb ki, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, 2021-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 36 min 879 hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Bu işlərin mütəşəkkil və optimal müddətdə həyata keçirilməsi üçün nazirliyin texniki-nəzarət və aqroservis sektoru tərəfindən texnikalar saz vəziyyətə gətirilib.Hazırda muxtar respublikada 2411-i təzə olmaqla, ümumilikdə, 3526 kənd təsərrüfatı texnikası mövcuddur ki, ondan 78-i aqrolizinq və rayon bazalarında, qalan 3448-i isə sahibkarların xüsusi mülkiyyətindədir. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 764 təkərli, 70 tırtıllı, 116 taxılsəpən, 397 kotan, 78 çizel və şırımaçan, 38 toxumtəmizləyən, 300 lafet saz vəziyyətə gətirilib.Toxumçuluq kənd təsərrüfatının bitkiçilik sahəsində vacib sahələrdən hesab edilir. Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6000- 6500 ton toxum tələb olunur. Tələb olunan toxum “Bərəkət Toxumçuluq” təsərrüfatında, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında və torpaq mülkiyyətçilərinin özlərində mövcuddur. Hazırda “Bərəkət Toxumçuluq” təsərrüfatında 320, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında 170 ton yüksəkkeyfiyyətli reproduksiyalı buğda, arpa toxumları mövcuddur və toxum tədarükü davam etdirilir. Toxumların satışı “Bərəkət Toxumçuluq” təsərrüfatının nəzdində fəaliyyət göstərən toxumların satışı mərkəzi tərəfindən həyata keçiriləcəkdir. Hazırda təmizlənmiş toxumlar dərmanlanaraq kisələrə yığılır. Payızlıq taxıl sahələrində gəmiricilərə qarşı sink-fosfid preparatından istifadə edilir. Əvvəlki illərdə olduğu kimi, bu il də ehtiyac yarandığı təqdirdə bu preparat vasitəsilə mübarizə tədbirlərinin aparılması nəzərdə tutulur. Qeyd olunub ki, muxtar respublikada 1 iyul 2020-ci il tarixə 126467 baş iribuynuzlu mal, 799878 baş xırdabuynuzlu heyvan, 1 yanvar 2020-ci il tarixə 1 milyon 307 min baş quş və 98 min 400 arı ailəsi mövcuddur. Nazirliyin mütəxəssisləri tərəfindən heyvanların, quşların və arı ailələrinin qışlaması ilə əlaqədar yerlərdə səyyar müşavirələr keçirilir və bu işlər mövsüm ərzində davam etdiriləcəkdir. Sonda Kənd Təsərrüfatı naziri payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıqlar verib, məruzə ətrafında çıxışlar olub.

Joomla 1.5