Mətbuat xidməti Xəbərlər Faselia: arı otu

Faselia: arı otu

Dəniz  səviyyəsindən 500 metr hündürlüyə qədər olan bölgələrdə, bəzən daşlıq və qayalıq zonalarda bitən faselia bitkisi arılarda nəsilartırma və yüksək balvermə xüsusiyyətlərinə görə dünyada “arının dostu”, “ballı çörək”, “arı otu” da adlandırılır. Faselia torpaq münbitliyini yaxşılaşdırmaqla yanaşı, əvəzedilməz balverən, dekorativ və yem bitkisi kimi də xalq təsərrüfatında böyük əhəmiyyətə malikdir. Bir hektar faselia sahəsindən 200-300 kiloqram yüksəkkeyfiyyətli bal götürmək mümkündür. Həmçinin, arıçılığın inkişafı ilə əlaqədar güclü nəsilartırma və beçəvermə qabiliyyətinə malik qidalı yem bitkisidir. Bu xüsusiyyətlərinə görə dünyada arıçılar tərəfindən ən çox tələb olunan bitki növlərindən biridir. Bitkinin qeyd olunan botaniki və biomorfoloji xüsusiyyətlərini əsas götürərək Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində əkilib-becərilməsinin mümkün variantlarını araşdırdıq. Nəticədə aydın oldu ki, bu bitki muxtar respublika ərazisində yaxşı məhsuldarlıq göstəricilərinə malikdir.

Faselia bitkisini ölkəmizin bütün ərazisində yetişdirmək mümkündür. Torpaq-iqlim şəraitindən və bitkinin becərilmə texnologiyasından asılı olaraq boyu 60-100 santimetrə qədər olur. Bitkinin 7-15 budağı olmaqla, gövdə ətrafında növbəli düzülüş şəklinə malikdir. Gövdəsi yaşıl və ya qırmızımtıl-bənövşəyidir. Yabanı halda qayalıqlarda, daşlı ərazilərdə bitdiyinə görə zəif kök sisteminə malikdir və kökləri asanlıqla qopur. Faselia bitkisinin toxumları çox kiçik olduğundan torpağın düzgün şəkildə hazırlanmasına tələbkardır. Buna görə də şum əməliyyatından əvvəl torpağın fiziki-mexaniki xüsusiyyətlərini nəzərə almaqla, əkindən əvvəl şum altına superfosfat və kalium gübrəsini,vegetasiya dövründə isə azot gübrəsinin verilməsi məqsədəuyğun hesab edilir.

Respublikanın dağ, dağətəyi və aran regionlarında mart ayının ikinci ongünlüyündə, iyun ayının üçüncü ongünlüyündə və sentyabr ayının üçüncü ongünlüyündə 20-30 santimetr cərgələrarası məsafə saxlanılmaqla, torpaq qatının 2-4 santimetr dərinliyində səpin əməliyyatının  aparılması məqsədəuyğundur. Bitkinin çiçəkləmə dövrü 45-50 gün davam edir. Bu isə arıları həmin dövrdə yemlə təmin etməklə yanaşı, yüksək nektarlı balın alınmasını təmin edir. Çiçəklərin bu qədər müddətdə tarlada qalması yem bitkiləri arasında tək faselia bitkisinə məxsusdur.

Biz yuxarıda qeyd etdik ki, faselia bitkisi muxtar respublikanın torpaq-iqlim xüsusiyyətlərinə uyğundur. Su sevən bitki olan faselia artıq Babək rayonunda arıçılıqla məşğul olan bəzi ailə təsərrüfatlarında əkilib-becərilir. Amma etiraf etmək lazımdır ki, bu bitkinin arıçılıqda verə biləcəyi töhfədən bir çoxumuz hələ də xəbərsizik. Buna görə də  xəstəlik və zərərvericilərə qarşı çox dayanıqlı olan faselianın əkinini genişləndirə bilsək, arıçılıqda daha yüksək məhsuldarlıq əldə etmək olar.

Əsgər HƏSƏNOV,

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

Joomla 1.5