Mətbuat xidməti Xəbərlər MEYVƏ TİNGLƏRİNİN ƏKİLMƏSİ VƏ BECƏRİLMƏSİ

MEYVƏ TİNGLƏRİNİN ƏKİLMƏSİ VƏ BECƏRİLMƏSİ

Məlum olduğu kimi, Ali Məclis Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə muxtar respublikamızda mevəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilmişdir. Hazırda bölgədə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, keyfiyyətli və yüksək istehlak xüsusiyyətlərinə malik meyvə yetişdirmək üçün bağlarda sağlam, standartlara uyğun tinglərin əkilməsi bağçılıqda əsas şərtlərdən biridir. Bunun üçün keyfiyyətli əkin materialının seçilməsi və aqrotexniki tələblərə uyğun hasilə gətirilməsi ilkin şərtlərdəndir.

 

Qeyd edək ki, meyvə tinglərini toxumla və vegetativ üsulla yetişdirmək olar. Toxumdan alınan yeni bitkilərdə sələflərin əsas əlamətləri özünü göstərir. Ona görə də bu üsuldan yalnız seleksiya işlərində və calaqaltıların alınmasında istifadə edilir. Həm də toxumdan alınan cır bitki gec məhsul verir. Bu da bazar iqtisadiyyyatı şəraitində sərfəli deyil. Ona görə də qiymətli sortların xüsusiyyətlərini saxlamaq, tinglərin məhsula düşməsini tezləşdirmək məqsədi ilə meyvə və giləmeyvə bitkiləri əsasən vegetativ üsulla artırılır.

Vegetativ artırma 2 yolla - təbii və süni olaraq aparılır. Təbii üsulla albalı, heyva, gavalı, moruq, fındıq və s. bitkiləri kök pöhrələri ilə artırırlar. Bu üsulda əkin üçün gövdəsinin diametri 8-10 millimetr, boyu 15 santimetrdən artıq olan köklər yararlı sayılır.

Süni üsul isə çiçək, qolayırma və calaqla artırmadır. Çiçəklə albalı, gavalı, tut, heyva, nar, moruq və bir çox başqa bitkiləri artırmaq mümkündür. Qolayırma üsulu ilə adətən çiçəklə çətin kök verən bitkilər artırılır. Bu zaman ana bitkidən üfüqi, yaxud şaquli istiqamətdə qol ayrılıb torpağa basdırılır. Ayrılmış kök qol verdikdən sonra sahəyə əkilir.

Meyvə bitkilərinin çoxaldılmasında ən geniş yayılan və faydalı üsul calaq üsuludur. Calaq növləri 3 qrupa ayrılır - göz calağı, qələm calağı və yaxınlaşdırma calağı. Göz calağının üstünlüyü gözcüyün bitişmə faizinin yüksək (85-90 faiz) olmasıdır. Burada həm də çiliyə qənaət edilir, sarğı materialı az sərf olunur. Göz calağından erkən yazda, tumurcuqlar açmamış, yaxud iyul-avqust aylarında istifadə olunur. Calaqetmənin ən yaxşı vaxtı ağaclarda şirə axımının başlanması dövrüdür ki, bu zaman calaq altında “T” şəklində kəsik açılarkən qabıq oduncaqdan asan ayrılır. Calağın yaxşı tutması üçün calaqaltının gövdəsinin diametri ən azı 8-10 millimetr olmalıdır. Calaq vurulduqdan 10-15 gün sonra yoxlama aparılır, calağı tutmayan bitkilərə yenidən calaq vurulur.

Qələmlə calaq üsuluna yarma calağı, yandan calaq, yaxınlaşdırılmış qələmlə calaq və s. daxildir. Yarma calaq zamanı calaqalıtı iti mişarla hamar kəsilir və gövdə bıçaqla aralanır. Calaqüstü calaqaltına keçirilir, möhkəm sarınır. Calaqüstündə 2 ədəd tumurcuq saxlanılır. Meyvə bitkilərindən armud üçün calaqaltı Qafqaz meşə armudu, heyva növləri, gilas üçün cır gilas, albalı üçün yerli turş albalı və cır gilas, gavalı və alça üçün cır alça, şaftalı üçün şaftalı və alça, ərik üçün isə ərik və badamın toxumlarından alınan bitkilərdən istifadə edilir. Calaqaltı cır bitkilərdən olduqda, alınan tinglərin ömrü uzun olur, məhsulvermə müddəti artır.

Ting əkiləcək çalanın eni 45, dərinliyi 60 santimetrdən az olmamalıdır. Yaxşı olar ki, çalalar tinglərin əkiləcəyi vaxtdan bir müddət qabaq qazılsın. Bunun üçün əkin taxtasından istifadə oluna bilər. Əkin taxtası çalanın normal qazılması və tinglərin düzgün əkilməsi üçün istifadə olunur. Çalanı qazan zaman çıxarılmış qidalı torpağı bel ilə yumşaltmaq, daşdan, alaq otlardan təmizləmək lazımdır. Sonra qazılmış çalaya 6-8 kiloqram çürümüş peyin, hər birindən 50-100 qram olmaqla fosfor, azot və kalium gübrələri qarışdırıb tökəndən sonra tingi çalaya qoyub torpaqla kök boğazına qədər basdırmaq lazımdır. Əkindən əvvəl tinglər nəzərdən keçirilməli, yararlı olmayanlar çıxdaş edilməlidir. Tingin kök sistemini hər vasitə ilə küləyin və günəşin təsirindən, yəni qurumaqdan qorumaq lazımdır. Ting əkilərkən buraxılan hər hansı bir səhv, yəni tingin kök boğazının torpağın nəzərdə tutulmamış yerində qalması, zədələnməsi, kök sisteminin standarta uyğun kəsilməməsi tinglərin böyüməsinə, havalanma prosesinin pozulmasına mənfi təsir etməklə, onların bəzən tələf olmasına səbəb olur.

Əkini elə aparmaq lazımdır ki, torpaq tinglə birlikdə çökdükdən sonra onun kök boğazı torpaq səthi ilə bir səviyyədə olsun. Bunun üçün kök boğazı çalanın kənarındakı torpaq səthindən 5-6 santimetr hündür olmalıdır. Ting əkilərkən onun kökləri ilə torpaq arasında boşluq qalmasına qəti yol vermək olmaz. Ona görə də çalanın içərisinə hər dəfə torpaq tökdükdən sonra tapdalayıb bərkitmək lazımdır. Əkilmiş tingləri mütləq suvarmaq lazımdır. Əkilmiş tinglərin yaxşı tutması üçün çətiri təşkil edən budaqların yarısını kəsmək lazımdır. Bu zaman oradakı şah budaq yan budaqlardan az kəsilməli və onlardan azı 10-15 santimetr uzun olmalıdır.

Tinglər tutduqdan sonra mövsüm ərzində torpağın becərilməsi, gübrələmə, suvarma, budama, xəstəlik və zərərvericilərə qarşı mübarizə kimi xüsusi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Cərgəaralarının şumlanmasına noyabr ayından başlanır. Şumun dərinliyi kök sisteminin torpaqda yerləşmə dərinliyindən asılı olaraq çəyirdəkli bağlarda 10-12 santimetr, tumlu meyvə bağlarında 15-20 santimetr olmalıdır. Ağacların gövdəətrafı 8-10 santimetr dərinlikdə bellənməlidir. İkiillik tinglərdə yazda, tumurcuqlar oyanana qədər yüngül budama aparıb forma verilməli, təmizlənmiş tullantılar yığılıb, bağdan kənar yerdə yandırılmalı, quruyub sıradan çıxmış ağacların yerinə yeniləri əkilməlidir.

Meyvəçilikdə ən geniş yayılmış suvarma üsulu şırımlarla suvarmadır. Suvarma şırımının uzunluğu ağır torpaqlarda 150-200 metr, yüngül torpaq­larda isə 80-100 metr olmalıdır. Cavan bağlarda birinci şırım gövdədən 60-70 santimetr aralı çəkilir. Bu üsulla bağlara kifayət edə biləcək miqdarda suvarma norması vermək olar. Belə halda ağacın qida sahəsinin 80-85 faizi istənilən dərinlikdə su alır. Ağacların yaşı 5 ildən artıq olduqda suvarma şırımlarının sayı tədricən artırılır.

Fermerlər yuxarıda qeyd olunan məsləhət və tövsiyələrdən səmərəli istifadə etməklə öz təsərrüfatlarında cavan meyvə bağlarının əkin sahəsini genişləndirib, bol məhsul yetişdirər və ailə büdcələrinin gəlirini artıra bilərlər.


Kənd Təsərrüfatı  Nazirliyinin

şöbə müdiri Xaliq Abbasov

Joomla 1.5