Mətbuat xidməti Xəbərlər Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində tarla seminar-müşavirə keçirilib

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində tarla seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölməsi olan  Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində  Naxçıvan Dövlət Universitetinin  Torpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələrinin və torpaq mülkiyyətçilərinin iştirakı ilə “Torpağın münbitliyinin artırılmasında üzvi gübrələrin və ağac yonqarının əhəmiyyəti” mövzusunda  tarla seminar-müşavirə keçirilib.

Müşavirəni Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktoru Fikrət Həsənov açaraq  “Torpağın münbitliyinin artırılmasında üzvi gübrələrin və ağac yonqarının əhəmiyyəti” mövzusunda çıxış edərək vurğulayıb ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, ekoloji cəhətdən saf  kənd təsərrüfatı məhsulları istehsal edilməsi və torpağın münbitliyinin yüksəldilməsi  kortəbii yollarla deyil, elmi yanaşma yolu ilə bərpa edilməlidir. Əkindən öncə torpaq analizə verilməli torpaqda çatışmayan mikoelementlər  üzvi və mineral gübrələr  vasitəsi ilə torpağa verilməlidir.Topağın münbitləşdirilməsində üzvi  və mineral gübrələrin  müstəsna əhəmiyyəti vardır.  Üzvi və mineral gübrələrdən səmərəli istifadə bitkilərdə şəkərin, nişastanın, yağların və vitaminlərin miqdarını artırır. Torpağın strukturuna təsir etməklə torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun münbitliyinin artmasında aktiv iştirak edir. Çıxışda qeyd olunub ki, üzvi və mineral gübrələrlə yanaşı ağac yonqarından da torpağın münbitləşdirilməsində istifadə etmək olar. 2019-cu ildən başlayaraq birliyin tərəvəz əkini sahələrində üzvi və mineral gübrələrlə  yanaşı  ağac yonqarının da tətbiqinə   başlanılıb və əkin sahələrindən bol məhsul əldə olunub. Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, erkən yazda yağışların yağması və vegetasiya suvarmaları zamanı gilli torpaqlarda torpağın əkin qatı bərkiyir və bitkinin kök sisteminə hava daxil ola bilmir. Ağac yonqarı torpaqda məsaməlik yaratmaqla  torpağın fiziki kimyəvi xüsusiyyətlərini artırır, bitkinin kök sisteminə havanın ,suyun daxil olmasını asanlaşdırır və inkişafına müsbət təsir göstərir.

Nazirliyin  əməkdaşları Məmmədqulu Səfərov,  Səməddin Əsgərov  və Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyininin  mütəxəssisi  Fazilə Fərəcova  mövzu  ətrafında çıxışlar  ediblər.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən  hazırlanan informasiya  vərəqələri torpaq mülkiyyətçilərinə paylanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyin   mətbuat xidməti

Joomla 1.5