Mətbuat xidməti Xəbərlər TORPAQ SAHƏLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ YÜKSƏK MƏHSULDARLIĞIN ƏSASIDIR

TORPAQ SAHƏLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ YÜKSƏK MƏHSULDARLIĞIN ƏSASIDIR

Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, həm də ekoloji tarazlığın qorunması istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır.

Ölkəmizdə və muxtar respublikamızda əkinəyararlı torpaq sahələri məhduddur, hətta ildən-ilə azalır. Mövcud yararlı torpaqlardan, o cümlədən əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, xarici bazardan asılılığın azaldılmasının potensial imkanları hesab edilir.

Torpaqlardan səmərəli istifadə olunması bu gün də öz aktuallağını saxlayır. Odur ki, fermer və torpaq mülkiyyətçilərinə torpaq haqqında məlumatın verilməsini faydalı hesab edirik. Torpaq yerin üst münbit qatı olmaqla, kənd təsərrüfatının əsas istehsal vasitəsidir. O, insanları qida, heyvanlar aləmini yemlə, sənayeni isə xammalla təmin edir. Torpağın tərkibi və xassələri, onun hansı təbəqədən əmələ gəlməsindən asılı olaraq, bir-birindən fərqlənir.

Ümumiyyətlə, torpaq bərk, maye, qaz halında və canlı komponentlərdən ibarət olan təbii bir varlıqdır. Torpağın bərk hissəsi mineral və üzvi birləşmələrdən qum, gil, lil və sairədən ibarətdir. Onların bir-birinə nisbəti torpağın mexaniki tərkibini xarakterizə edir.

Torpağın maye hissəsi sudan, suda həll olmuş üzvi və mineral birləşmələrdən ibarətdir. Torpağın qaz halında olan hissəsi (torpaq havası) torpaqda su ilə əhatə olunmayan boşluqları tutur. Torpaq havası atmosfer havasından fərqli olaraq karbon qazı ilə daha zəngindir.

Torpağın canlı hissəsi torpaq mikroorqanizmlərdən (bakteriyalar, göbələklər, aktinomusetlər, yosunlar və s.), onurğasızların nümayəndələrindən (iptidailər- amöb, qurdlar, mslyuskarlar, həşaratlar), onların sürfələrindən və torpaqaltı həyat keçirən onurğalılardan ibarətdir. Onlar əsasən torpağın üst qatında bitkilərin köklərinə yaxın yerdə fəaliyyət göstərirlər. Bəzi torpaq mikroorqanizimləri bilavasitə bitkilərin kökləri üzərində inkişaf edir.

Bütün bunlarla bərabər torpağın tərkibində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında böyük əhəmiyyəti olan makro (azot, fosfor, kalium, kalsum, maqnezium, kükürd, dəmir və.s.) və mikroelementlər (bor, manqan, molibden, mis, sink və. s.) də vardır. Onların bir-birinə nisbətən miqdarı torpağın kimyəvi tərkibini müəyyən edir.

Torpağın fiziki xassələri əsasən onun rütubət tutumu, su sızdırma qabiliyyəti, istilik tutumu və s. ilə xarakterizə edilir. Torpağın xassələri və tərkibi göstərilən canlı orqanizimlərin, iqlimin və insanların fəaliyyətinin təsiri nəticəsində daim dəyişir.

Qeyd olunduğu kimi torpağın kənd təsərrüfatında müstəsna rolu vardır. Lakin torpaqdan düzgün istifadə edilmədikdə onun faydalı xassələri tədiricən itir və məhsul yetişdirmək üçün yararsız hala düşür.

Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat təkcə məhsuldarlığın və kefiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və s. çatışmazlıqlara da gətirib çıxarır.

Fermerlər və torpaq mülkiyyətçiləri özləri bildiyi kimi primitiv iş üsullarından istifadə etmələri, meliorativ tədbirlərin vaxtında və bəzi hallarda ümumiyyətlə aparılmaması, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı laz;mi qaydada mübarizə işinin təşkil edilməməsi və s. ciddi problemlər yaratmışdır.

Biz nə qədər keyfiyyətli toxumdan və əkin materialından, gübrədən, pestisidlərdən, texnikalardan istifadə etsək də torpaqlarımızı sağlamlaşdırmadan yüksək nəticələr əldə edə bilməyəcəyik. Torpaqların sağlamlaşdırılması ilə bu gün məşğul olmalıyıq, onu sabaha və ya biri günə saxlamaq vəziyyəti daha da gərginləşdirər və kapital qoyuluşunu birə-beş artırar. Odur ki, yüksək nailiyyətlər əldə etmək üçün, birinci növbədə torpağın sağlamlaşmasına, sonra da ardıcıllıq gözlənilməklə digər tədbirlərin görülməsinə nail olmaq lazımdır.

Muxtar Respublikamızın torpaq-iqlim şəraitinə uyğun əkinçilik sistemi tətbiq edilməlidir. Belə bir cəhət nəzərə alınmalıdır ki, xəstəlik və zərərvericilərin təbii mühitdə də fizioloji normaları vardır ki, onlar bir o qədər ziyanlı deyil. Bundan başqa torpaqda çoxlu miqdarda xeyirli mikroorqanizmlər, həşəratlar və s. vardır. Lakin təəssüflər olsun ki, xəstəlik və zərərvericilərlə mübarizə apardıqda bütün bu cəhətlərə fikir verilmir. Təhlükəli xəstəlik və zərərvericilərlə yanaşı, faydalı amillər də məhv edilir. Yaxud başqa bir misal; taxıl məhsulu yığımından sonra bir qayda olaraq sahələrdə qalan küləş yandırılır. Bu zaman torpağın münbitliyinin artırılmasında böyük rolu olan küləş kütləsi ilə bərabər xeyirli entomofaunaya da xeyli ziyan vurulur. Torpaqda və havada bioloji və ekoloji tarazlıq pozulur.

Əksər ziyanvericilər gecə həyat tərzi keçirir, qidalanır və çoxalırlar. Xeyirli entomofauna isə əsasən gündüzlər fəal olur. Odur ki, kənd təsərrüfatında ekoloji mühitin, habelə xeyirli entomofaunanın qorunması məqsədilə xəstəlik, zərərverici və alaq otlarına qarşı kimyəvi mübarizələr mütəxəssis tövsiyələri və çoxillik səmərəli təcrübələr əsasında həyata keçirilməlidir.

Ümumiyyətlə, torpaq becərmə işlərini minimuma endirmək məqsədilə, onların üzərində texnikanın təkrarlanan hərəkətlərini məhdudlaşdırmaq üçün tədbirlər kompleksi hazırlanması zəruridir.

Suvarmanın kortəbii şəkildə aparılması, suvarma və kollektor-drenaj sistemindən lazımi dərəcədə istifadə edilməməsi, istehsal prosesində bir çox hallarda qrunt sularının səviyyəsinin nəzərə alınmaması və s. torpaqlarımızın şoranlaşmasına, şorakətləşməsinə, eroziyaya, fitosanitar cəhətdən çirklənməsinə və s. səbəb olmuşdur. Bunların qarşısının alınması üçün də təxirəsalınmaz tədbirlər görülməlidir.

Torpaqlarımızın sağlamlaşdırılması, onun münbitliyinin və məhsuldarlığının artırılması, ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hamımızın müqəddəs və təxirəsalınmaz işidir.

Bəhruz QASIMOV,

Naxçıvan Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin əməkdaşı

Joomla 1.5