Mətbuat xidməti Xəbərlər Aqrar Sığorta Fondunun yaradılması günün tələbidir

Aqrar Sığorta Fondunun yaradılması günün tələbidir

Muxtar respublika iqtisadiyyatının mühüm sahələrindən biri də aqrar bölmədir. Bu sahənin inkişafı üçün məqsədyönlü tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Ona görə ki, aqrar sektor insan həyatı üçün zəruri istehlak məhsullarının böyük bir qismini təmin edir. Bu baxımdan qidalanma sisteminin coğrafi mühit və mədəni faktorlar əsasında formalaşdığını, əhalinin ərzaqla təminatının strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hər bir ölkənin özünəməxsus, müstəqil aqrar siyasətinin olması mühüm bir vəzifə kimi ortaya  çıxır.

 

Kənd təsərrüfatında istehsalın əsas amillərindən birincisi torpaqdır.Ancaq torpaqda baş verə biləcək xoşagəlməz hadisələrə istehsalçılar tərəfindən tam nəzarət edilə bilmir. Yəni istehsalçının iradəsindən kənarda baş verən təbiət hadisələri istehsal səviyyəsinə birbaşa təsir edir. Texniki tədbirlərlə qarşısını almaq mümkün olmayan risklərin baş verməsi fermerləri çox çətin vəziyyətə salır, onların istehsal fəaliyyətlərinə mənfi təsir edir. İnkişaf etmiş və etməkdə olan bir çox ölkələrdə kənd təsərrüfatısığortalarının tətbiqi ilə bu fəlakətlərin səbəb olduğu zərərlərin qarşısı alınır. Fəlakətlərə qarşı texniki tədbirlər yetərli olmadıqda kənd təsərrüfatı sığortaları ziyanın aradan qaldırılması üçün zəmanət yaradır. Aqrar sığorta istehsalçının gəlirlərində sabitliyi təmin edir, yeni texnologiyaların tətbiqinə dəstək verir. Kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ümumi daxili məhsulun artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərir. Nəticədə, aqrar sığorta sisteminin tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı və dayanıqlılığı təmin olunur. Belə ki, bu sistemin təkmilləşdirilməsi idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır, bu sahəyə biznes marağının artmasına, sahibkarlığın genişləndirilməsinə və investisiyaların təşviqinə şərait yaradır. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondu yaradılıb. Fondun yaradılması bəhs etdiyimiz istiqamətdə çox mühüm addımlardan biridir. Aqrar Sığorta Fondu muxtar respublikada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılması və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fondun Nizamnaməsində aqrar sığorta sahəsində dövlətin vəzifələri, sığortanın predmeti, sığorta üzrə təminat verilən risklər, sığortanın tənzimlənməsi əksini tapıb. Aqrar sığortanın predmetinin tərkibinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, tütün, üzüm, limon, badam), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə (1 yaşından 7 yaşına qədər südlük inək və camışlar), akvakultura məhsulu üzrə (balıqlar) aid edilir. Aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğınlar, zəlzələlər, qasırğa, fırtına, dolu, torpaq sürüşməsi, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəliklər və zəhərlənmələr, ilan və ya həşərat sancması nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, zəhərli otlar və yemlərdən istifadə, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar. Aqrar sığortahaqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulları üzrə 50 faiz həcmində müəyyən edilib. Qeyd edək ki, fonda ümumi rəhbərliyi və nəzarəti ictimai əsaslarla fəaliyyət göstərən və 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Fondun idarəedici qurumunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxılması üçün fond daxilində fəaliyyət göstərən Apellyasiya Şurası yaradılır. Aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər fond tərəfindən tənzimlənir. Yuxarıda sadalanan bütün məsələlərin, yəni sığorta mədəniyyətinin insanlara aşılanması, əhalinin sığorta haqqında olan məlumatsızlığının aradan qaldırılması, ixtisaslı kadrların hazırlanması muxtar respublikamızda sığorta sisteminin daha da inkişafına böyük təsir göstərəcək və cəmiyyətdə sığortaya qarşı müsbət fikrin yaranmasına kömək edəcəkdir.

Zəkəriyyə Gözəlov,  Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri

Joomla 1.5