Mətbuat xidməti Xəbərlər KÜTLƏVİ DÖL KAMPANİYASININ DÜZGÜN TƏŞKİLİ HEYVANDARLIQDA MÜHÜM ŞƏRTLƏRDƏNDİR

KÜTLƏVİ DÖL KAMPANİYASININ DÜZGÜN TƏŞKİLİ HEYVANDARLIQDA MÜHÜM ŞƏRTLƏRDƏNDİR

Muxtar respublikanın fermer təsərrüfatlarında qoyunçuluq mühüm yer tutur. Bu təsərrüfatlarda çox məhsuldar balbas və mazex cinsli heyvanlar saxlanılır. Digər cinslərə nisbətən bu qoyunlar daha çox ət, yun və süd verirlər. Qoyun əti və südü yüksək kaloriyə malikdir. Bu da həmin məhsuldar sahənin inkişaf etdirilməsinə marağı ildən-ilə artırır. Qoyunçuluq məhsulları həm də iqtisadi cəhətdən ucuz başa gəlir. Ərazinin çox hissəsinin dağlıq olması, təbii otlaqlar heyvandarlığın bu sahəsinin inkişafı üçün əlverişlidir.

Fermer təsərrüfatlarında qoyunçuluğu inkişaf etdirmək üçün birinci növbədə bol yem bazası yaratmaq, xidmət şəraitini yaxşılaşdırmaq, döl kampaniyasını mütəşəkkil keçirmək, körpə heyvan tələfatına yol verməmək lazımdır.

Kütləvi döl kampaniyasını heyvan tələfatına yol vermədən keçirmək üçün ana qoyun və keçilərin yemlənməsi zootexniki normalara uyğun aparılmalıdır. Bunun üçün qoyun saxlanılan pəyələrin yaxınlığında bol yem ehtiyatı yaratmaq vacib şərtlərdəndir.

Döl kampaniyasında vacib məsələlərdən biri də qoyun damlarında arakəsmələr yaratmaq, quzu küzləri hazır­lamaq, doğulmuş faraş quzulara xüsusi qulluq göstərmək, qoyun damlarını təmiz saxlamaq, ağartmaq, dezinfeksiya etmək və qoyun qışlayacaq kaşaraları su ilə təmin etmək lazımdır.

Qoyunların yaxşı yemləndirilməsi və saxlanması boğazlığın ikinci dövründə daha çox vacibdir. Bu vaxt bala daha sürətlə böyüyüb inkişaf edir, belə olduqda daha iri və sağlam quzular doğulur. Ana qoyunlar bu dövrdə tam keyfiyyətli yemlərlə yemləndirilmədikdə quzularda maddələr mübadiləsi pozulur və nəticədə körpələr ara­sında daha çox təsadüf edilən          Bezoar xəstəliyi baş verir. Bu xəstəlik ana qoyunların boğazlıq dövründə tam keyfiyyətli yemlərlə yemləndirilməməsi, quzular normal qidalandırılmadıqda hipolaktiya (süd azlığı), A-hipovitaminoz, kobalt çatışmazlığı olduqda baş verir. Buna həm də aktiv hərəkətin məhdudluğu, zoogigiyenik şəraitin pis olması imkan yaradır. Quzular xəstələnən zaman yunu, torpağı yeyir, divarı, axuru yalayır, nəticədə mədə-bağırsaq pozğunluğu yaranır və sancılanma əlamətləri baş verir.

Xəstə quzuları müalicə edən zaman onlar anadan ayrılmalı, ancaq əmizdirmə zamanı anası ilə birgə olmalı, quzuların yem payına vitaminlər və minerallar əlavə edilməlidir. Xəstə quzulara 150-200 qram inək südünə          7-10 damla 5 faizli yod qatıb gün ərizində 3-4 dəfə verməklə xəstəliyin qarşısını almaq olar.

Quzular arasında həzm pozğunluğu olduqda işlətmə dərmanları verdikdən sonra daxilə hər kiloqram canlı kütləyə gündə 3 dəfə 0,02 qram Norsulfazol, Ftalazol və Etazol vermək məsləhətdir.

Doğuma 3-4 həftə qalmış qoyunların yelin ətrafı qırxılmalıdır. Bu halda yeni doğulmuş quzu öz anasının döşünü asanlıqla tapır. Döl düşən vaxtı qoyunların altına tökmək üçün qoyun damının hər kvadratmetr sahəsinə         0,5-1 kiloqram quru peyin tədarük edilməlidir. Yeni doğulmuş quzular temperaturun kəskin dəyişməsinə, nəmliyə və hava cərəyanına çox həssasdırlar. Ona görə də qış və erkən yaz doğumları isti, quru damlarda keçirilməli və həmin damların temperaturu müsbət 8-12 dərəcə arasında saxlanmalıdır.

Yeni doğmuş qoyunları quzuları ilə birlikdə saxlamaq üçün qoyun damında eni-uzun­luğu 1,5 metr və hündür­lüyü 85 santimetr olan arakəsmələr düzəldilməlidir. Döl başlanandan yeni doğulmuş quzular anadan ayrılana qədər çobanlara müvəqqəti olaraq        2-3 nəfər köməkçi ayrılmalıdır. Qoyunlar doğumdan əvvəl narahat olduğundan onlar ayrılaraq ayrıca arakəsmədə saxlanmalıdır. Adətən, qoyunların doğumu 30-50 dəqiqə çəkir. Çətin, yaxud anormal doğum zamanı qoyuna baytar yardımı göstərilməlidir. Əgər göbək çiyəsi qopmazsa onu quzunun qarnından           8-10 santimetr aralı kəsib, dezinfeksiya olunmuş sapla bağlamaq və göbək çiyəsi kəsilən yeri 3 faizli kreolin və ya lizol məhlulu ilə yandırmaq lazımdır. Doğumdan 2-3 saat sonra ətənə gəlməlidir, ətənə ləngisə baytara müraciət edilməlidir. Doğum qurtardıqdan sonra doğum yerinin döşənəyi dəyişdirilməlidir. Əgər qoyun quzunu yalamazsa onu yaxşıca silib təmizləmək lazımdır. Doğumdan sonra qoyun bir az dincəlib ayağa duran kimi onun yelini təmiz ilıq su ilə yuyulmalı, təmiz dəsmalla qurulanmalı, süd kanalı mikrobdan təmizlənmir deyə, ağız südünün ilk damlaları yerə sağılmalı və sonra quzu əmizdirilməlidir. Quzu əmizdirildikdən sonra, ana quzusu ilə birlikdə əvvəlcədən hazırlanmış arakəsməyə salınır və 3-7 gün orada saxlanılır.

Quzular birinci 2-3 həftədə ancaq analarının südü ilə qidalanır. Analarının südü ilə təmin olunmayan, yaxud yetim qalmış quzular başqa tək quzulu, südü çox olan qoyunlara əmizdirilməlidir. Buna imkan olmadıqda onlar inək südü ilə yemləndirilməlidir. İki həftədən sonra quzular yaxşı keyfiyyətli ot və qüvvəli yem yeməyə öyrədilir. Bu yemlər 20-25 qramdan başlayaraq tədricən artırılır, gündəlik norma quzular anadan ayrılana qədər 200 qrama çatdırılır. Qüvvəli yemlərə gündə hər başa 5-10 qram hesabı ilə sümük unu, yaxud təbaşir, 3 qram xörək duzu əlavə edilir.

Balbas cinsindən olan qoyunların quzuları 2,5-3 aylıqda anadan ayrılmalıdır. Quzuların anadan ayrılması işi tədricən aparılmalı və bir neçə gün ərzində başa çatdırılmalıdır. Anadan ayrılmış quzular əvvəlcə 3 kateqoriyaya bölünür: dişi, damazlıq üçün seçilmiş erkək və damazlığa yaramayan erkək quzular. Anadan ayrılmış hər baş quzuya qış dövründə gündə 0,4-1 kiloqram yaxşı keyfiyyətli ot, 0,1-0,8 kiloqram qüvvəli yem, 8-10 qram xörək duzu verilməlidir.

Əyyub ABDULLAYEV,

Naxçıvan Muxtar Respublika

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

Joomla 1.5