Mətbuat xidməti Xəbərlər Arı ailələrinin payızda qışlamaya hazırlanması

Arı ailələrinin payızda qışlamaya hazırlanması

Muxtar respublikanın əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genefondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri də arı ailələrinin payızda qışlamayа hazırlanması  işinin düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasıdır. Arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdən ibarətdir.

Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı – güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısında başlanmalıdır. Çünki arılar həmin vaxt yüksək keyfiyyətli bal toplayır. Payız qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70-80 %-i pətəkdə,  qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arı ailələrinə vermək lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kiloqram bal saxlanmalıdır.

Muxtar respublikamızda qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır.    Qışlama binalarında temperatur həmişə -2 və +3 dərəcə arasında olarsa, arı ailələri normal qışlayar və ən az yem məsarif edərlər.

Arı ailəsinin inkişafı üçün lazımı şərait yaratmaq, ana arının yumurta qoymasını sürətləndirmək, arıxanada tələb olunan istilik rejimini saxlamaq, balın sərf olunmasını azaltmaq üçün qışlama dövrü pətək yaxşı isidilməlidir. Ona görə də bu məqsədlə arı ailəsinin düzgün qışlamasının əhəmiyyəti böyükdür. Bunun üçün arı ailəsinin gücündən asılı olaraq şanlı çərçivələr saxlanmalıdır. Arı ailəsində arıların miqdarı azaldıqca pətəkdən artıq çərçivələr çıxarılmaqla pətəyin içi daraldılmalıdır.

Qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün arı pətəklərini qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Binanın isti olması balın pətəkdə rütübət almaq qabiliyətinin itməsinə, arıların susuzluq çəkməsinə səbəb olar və arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar ki, nəticədə topa parçalana bilər və qışlamanın normal keçməsinə pis təsir göstərər.

Noyabr ayından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur, bu müddət ərzində onlar açıq havada saxlandıqda belə uçmur, hətta pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan tərəfə hərəkət edirlər. Arılar qaranlıqda qışlayır. Ən zəif işıq onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görədə qışlama binasında tam sakitlik olmalıdır.

Yaz yaxınlaşan kimi arılar narahat olmağa başlayır. Çünki qışın axırında hər bir arı ailəsində artım (bala) olur, pətəyin daxilində temperatur 350C dərəcəyə qalxır, arılar çoxlu yem sərf edir və bağırsaqlarında qış ərzində toplanmış qida qalıqlarını saxlamağa çətinlik çəkir. Qışlama binasında qalmış arılar təbiətin oyanmasını səbirsizliklə gözləyirlər. Bəzən havalar birdən isinir, bəzən də tez-tez dəyişən uzun soyuqlar davam edir. Havaların bu cür keçməsi arıların nə vaxt çölə çıxacağını müəyyən etməyə imkan vermir. Buna görə də arıçılar təbiətdəki dəyişikliklərə fikir verməklə müşahidələr aparmalı və buna əsasən də arıların qışlamadan çıxması gününü dəqiq müəyyən etməlidirlər.

Joomla 1.5