Mətbuat xidməti Hesabatlar Aqrar sahə inkişaf etdirilir

Aqrar sahə inkişaf etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə may ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Müşavirələrdə kartof, soğan, qarğıdalı əkinlərində yeni texnoloji avadanlıq və aqreqatlardan istifadənin üstünlüklərindən danışılıb, meyvə-tərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına əkinlərə aqrotexniki qaydalara uyğun qulluq edilməsi haqqında məlumatlar verilib. Nazirliyin mütəxəssisləri tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb. Taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar biçində iştirak edən kombayn sahibləri ilə söhbətlər aparılıb, müvafiq köməkliklər göstərilib. Ötən ay 46 hektar üzümlük, 24 hektar bostan, 94 hektar qarğıdalı, 38 hektar tərəvəz sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına, 3265 hektar taxıl sahəsində yabanı turpəng və digər alaq otlarına və 1150 hektar yonca sahəsində fitonomus uzunburununa qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilib. İri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib, arıların mərhələli şəkildə köçürülməsinin əhəmiyyəti onların diqqətinə çatdırılıb. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, qoyunçuluqda yun qırxımının mütəşəkkil keçirilməsi və yay otlaqlarından səmərəli istifadə edilməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib.

Joomla 1.5