Mətbuat xidməti Hesabatlar Təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilib

Təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aprel ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla seminar müşavirələri keçirmiş, yeni ailə təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır. Yaz tarla işlərinə başlanılması ilə əlaqədar əkin atlaslarından istifadə edilməsi, növbəli əkin sisteminə əməl etməklə sahələrin hazırlanması ilə bağlı tədbirlər, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında kartofçuluq, meyvətərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına tövsiyələr verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin meyvə bağında və digər əkin sahəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş təşkil olunmuş, meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsində aqrotexniki tədbirlərin keyfiyyətlə aparılmasının və növbəli əkinlərin tətbiqinin əhəmiyyəti barədə tələbələr qarşısında maarifləndirici çıxışlar edilmişdir. Ötən ay 136 torpaq sahibkarının müraciəti əsasında meyvə bağlarında quru budama, həmçinin zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılmasına, 21 hektar yenisalınmış üzümlük, 4 hektar istixana təsərrüfatı, 36 hektar bostan, 48 hektar qarğıdalı, 13 hektar meyvətərəvəz sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına, eləcə də 3000 hektar taxıl, 1336 hektar yonca sahəsində kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmişdir. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilmişdir.

Joomla 1.5